Rəqəmsal iqtisadiyyata keçid


Baxıldı : 226

Tarix : 2017-01-18 22:26:04


Strateji Yol Xəritəsində qeyd olunduğu kimi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılmasında informasiya texnologiyaları xüsusi əhəmiyyətə malikdir. Rəqəmsal ödəmələr, elektron idarəetmə sistemləri və sairə bu kimi modellərin tətbiqi sahibkarların fəaliyyətində şəffaflığı artırmaqla yanaşı, onların inzibati xərclərə qənaəti və öz fəaliyyətlərinə effektiv nəzarət edə bilməsi üçün daha münbit şərait yaradır. Həmçinin bu sahədə vergi nəzarətinin güclənməsinə, "kölgə" iqtisadiyyatının qarşısının alınmasına və büdcə daxilolmalarının artmasına səbəb olur. Beynəlxalq təcrübədə geniş istehlakçı kütləsinin elektron ödəniş sisteminə keçidini təmin etmək məqsədilə stimullaşdırıcı tədbirlərlə yanaşı, nağd ödənişlər üzrə yuxarı hədd müəyyən edilməklə onların məhdudlaşdırılması, vergi, rüsum və yığımların ödənilməsi zamanı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi kimi müxtəlif üsullardan istifadə edilir.

Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz rəqəmsal iqtisadiyyata keçidlə əlaqədar aparılacaq islahatlara münasibət bildirib. O, deyib ki, ölkədə fəal elektron ticarətin, digital sahədə olan sahibkarlığın inkişafı ilə bağlı bütün məqamlar Yol Xəritəsində öz əksini tapıb. Zəruri olan buna uyğun tədbirlər planının hazırlanması və icra yollarının tapılmasıdır. Məsələn, konkret digital sahə, rəqəmsal iqtisadiyyat ilə bağlı vacib məqamlardan biri qanunvericiliklə əlaqələdir. Qanunvericilikdə sahibkarlığın rəqəmsal dünyada, ya da ki, oflaynda olmasının indiyə qədər fərqi hiss edilmir. Hər ikisi eyni qaydada vergiyə cəlb olunur. Düşünürük ki, ilkin növbədə rəqəmsalda olan sahibkarlığa,  elektron ticarətin inkişafına yönələn addımlara diqqət yetirilməlidir. Dünya təcrübəsi göstərir ki, bu sahənin sürətli inkişaf etməsi üçün stimullaşdırma lazımdır, müəyyən vaxt verilməlidir və ondan sonra vergiyə cəlb olunmalıdır. Sahibkarlar arasında maarifləndirmə işləri aparılmalıdır. Oflayndan onlayna keçəndə qazancı, üstünlükləri onlara izah edilməlidir. Həmçinin bu sahədə ixtisaslı peşəkar kadrlar hazırlanmalıdır. Bir şeyi təəssüflə qeyd edim ki, hələ də Azərbaycanın elektron ödəniş maliyyə infrastrukturu beynəlxalq ödəniş sistemlərinə inteqrasiya olunmayıb. Bu isə əsas maneələrdən biridir. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev nağdsız hesablaşmalarla bağlı aparılacaq işlərdən danışıb. O, qeyd edib ki, ötən ilin sonundan qəbul edilmiş qərarlar ölkədə nağdsız hesablaşmaların payının artırılmasına xidmət edir. Bundan sonra vergilərin, gömrük rüsumlarının, qanunla müəyyən olunmuş inzibati cərimələrin, maliyyə sanksiyalarının, müxtəlif əməliyyatlar üzrə borcların, kreditlərin ödənilməsinin, həmçinin dövlət qurumlarının müəyyən xidmətlər müqabilində etdikləri əməliyyatların nağdsız şəkildə həyata keçirilməsi daha intensiv xarakter alacaqdır.

Respublikamızda nağdsız əməliyyatların tətbiqi zamanı inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunur. Qonşu Türkiyədə, həmçinin digər dövlətlərdə, hətta Sinqapurda aparılan islahatlar nəzərdən keçirilir. Bu ölkələrin uğurlu təcrübələri nəzərə alınmaqla, belə təşəbbüslərin dəstəklənməsi də ümumi işə fayda verəcək.

Nağdsız əməliyyatların həyata keçirilməsi zamanı bir sıra problemlər yarana bilər. Ona görə də ilk növbədə əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Bunun sahibkarlara, fiziki şəxslərə, müəssisələrə xeyri, gətirdiyi dividentlər barəsində treninqlər keçirilməlidir. Ümumiyyətlə iqtisadiyyatın bütün sektorlarında innovativ texnologiyalardan səmərəli istifadə məhsulun maya dəyərini və digər xərcləri optimallaşdırmağa, keyfiyyəti yüksəltməyə, təsərrüfat əməliyyatlarına müasir nəzarət mexanizmlərini tətbiq etməyə və bununla da, biznes subyektlərinin, ümumilikdə isə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmağa imkan verir.

 AZƏR