Rəqəmsal marketinq ilə qazanmaq vaxtıdır


Baxıldı : 225

Tarix : 2016-12-16 22:50:19


Son dövrlər şirkətlər rəqəmsal marketinqə daha çox diqqət yetirməyə başlayıb. Şirkətlərin və onların təqdim etdikləri xidmətlərin tanıtım işlərinin təşkili üçün rəqəmsal marketinq, sosial media alətlərindən istifadə xeyli çoxalıb. Manatın devalvasiyasından sonra bu sahədə də yeni tendensiyalar hiss olunmağa başlayıb.

Ekspertlərin fikrincə, yaxın 5 ildə dəyişiklik dinamikası son 15 il ərzində olandan daha sürətli olacaq.

Bu sürətin ən böyük səbəbi isə internet və gündəlik istifadə etdiyimiz ağıllı telefon, planşet və s. alətlər oldu. Hazırda Azərbaycanda 6 milyondan çox internet istifadəçisi var. Onların 38%-i kompüter, 57%-i mobil, 5%-i isə planşet  ilə internetə daxil olur. İnsanlar vaxtlarının əksər hissəsini sosial şəbəkələrdə keçirir və hər bir kəsin  müxtəlif sosial şəbəkələrdə hesabı var. Əvvəllər şirkətlər sosial şəbəkələrə ciddi maraq və yanaşma göstərmirdisə, indi vəziyyət tamamilə dəyişib. Dünyada istehlakçıların 80%-dən çoxu alış-verişdən öncə məhsul barədə onlayn məlumat axtarır. Buna görə də şirkətlər artıq özlərini sosial şəbəkələrdə təmsil edir, reklam yerləşdirir və çalışırlar ki, hədəf kütlələrinə daha tez çatsın. Onlar sosial şəbəkə hesablarını daha düzgün şəkildə idarə edən, səmərəli işləyib şirkət üçün effektiv nəticələr əldə edə bilən insanlara çox önəm verir. Bu gün ölkəmizdə rəqəmsal marketinq mütəxəssislərinə ehtiyac artmaqdadır. Məsələn, orta sosial media marketinq mütəxəssisə təklif edilən maaş 600-1000 AZN arası dəyişir.

 Nəhayət, bir çoxları dərk etməyə başlayır ki, televiziyadan daha effektiv məhz rəqəmsaldır. Çünki televiziya auditoriyası qocalır, digital auditoriyası isə böyüyüb ödəniş qabiliyyətli olur.

Digər tərəfdən baxdıqda isə, rəqəmsal marketinqin xərcləri qat-qat azdır. Çöl reklamlarından və TV reklamlarından çox sərfəlidir. Kiçik biznes sahiblərinin də istifadəsinə imkan verir. Misal üçün, metroda perronda, Baku Buslarda, mərkəzdə ortalama bir bilbordun üzərində reklamın yerləşdirilməsi 500-600 AZN-dir.

Bəzi məqamlarda rəqəmsal-marketinq şirkətin imicini qaldırır, ənənəvi marketinq isə azaldır. Məsələn, paylanan və ya qapının üstünə asılan ənənəvi broşur, flayer o qədər insanları bezdirib ki, artıq müştərilərdə bu tip reklamlara qarşı mənfi reaksiya əmələ gəlir. Bu həmin şirkətin imicinə ziyan gətirir. Əksinə, yaxşı Facebook səhifəsi və saytı olan şirkət müştərilər tərəfindən bəyənilir. Elə buna görə də son dövrlərdə şirkətlərin rəqəmsal marketinq və SMM-ə ayırdığı vəsaitlərin həcmi artıb.

Günel QULİYEVA