Respublika birinciliyi başlayıb


Baxıldı : 41

Tarix : 2018-11-03 04:49:44


Təhsil, Gənclər və İdman nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta təhsil müəssisələrinin tələbələri arasında Respublika birinciliyi keçirilir.  Oktyabr ayında başlanan Respublika birinciliyi noyabrın sonlarına qədər davam edəcək.

Yarışın təqvim planına idmanın 5 növü (şahmat, dama, stolüstü tennis, voleybol və basketbol) daxil edilib. Birinciliyə  dama və şahmat idman növləri ilə start verilib. Hər iki qarşılaşma oktyabrın 23-26-da  Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında təşkil olunub.

Dama (oğlanlar) idman növü üzrə yarışda 7 komanda iştirak edib. Ən yüksək nəticəni Azərbaycan Dövlət Pedaqoji Kolleci göstərib. Bakı Texniki Kollecinin komandası ikinci, 2 saylı Bakı Baza Tibb Kollecinin təmsilçiləri isə üçüncü olublar.

Eyni zamanda qızlardan ibarət 7 komanda  da dama idman növü üzrə yarışda qalibi müəyyənləşdirməyə çalışıb. Yekunda 1 saylı Bakı Tibb Kollecinin komandası birinci yeri tutub. Azərbaycan Dövlət Pedaqoji və Bakı İdarəetmə və Texnologiya kolleclərinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Oğlanlar arasında respublika birinciliyinə daxil olan şahmat idman növü üzrə yarışda Bakı İdarəetmə və Texnologiya Kolleci qalib olub. Bakı Qida Sənayesi Kolleci  ikinci, Azərbaycan  Dövlət Pedaqoji Kolleci isə üçüncü pillədə qərarlaşıb.

Qızlar arasında keçirilən şahmat yarışı da maraqlı olub.  7 komanda içərisində fərqlənən 1 saylı Bakı Tibb Kolleci sonda birinci yeri tutub.  Bakı İdarəetmə və Texnologiya Kolleci ikinci, 2 saylı Bakı Baza Tibb Kolleci isə üçüncü olub.

Azər MUSTAFAYEV