Respublika Komitəsində görüş


Baxıldı : 42

Tarix : 2019-01-07 05:21:47


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində Binəqədi rayonunda yerləşən V.Q Korolenka adına Mərkəzi Şəhər Gənclər Kitabxanasının kollektivi ilə görüş olmuşdur. Görüşdə çıxış edən Respublika Komitəsinin sədri Cəmilə Səttarova qonaqları işlədikləri müəssisənin 90 illik yubileyi,  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi. Kitabxana işçilərinin gənclərin savadlı, vətənpərvər, milli, dünyəvi dəyərlərə malik vətəndaş kimi formalaşmasında xüsusi rol oynadığını söylədi. “Sizin bilik xəzinəniz 90 ildir ki, üzərinə götürdüyü bu vəzifəni layiqincə yerinə yetirir”, - dedi.

Cəmilə xanım sahə həmkarlar ittifaqının bütün üzvlərinin, o cümlədən kitabxana işçilərinin sosial, əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən danışdı. Dedi ki, kitabxana sistemində çalışanların əksəriyyəti əhalinin ən həssas təbəqəsi olan qadınlardır. Yaxşı bilirik ki, zərif cinsin nümayəndələri, necə deyərlər, işdən işə gəlirlər. Ailənin məişət, iaşə problemləri onların üzərindədir. Ona görə də biz, həmkarlar ittifaqı olaraq, beynəlxalq qurumlar qarşısında qadınların iş saatlarının kişilərə nisbətən qısaldılması, əməklərinin əks cinsin maaşları həddinə çatdırılması barədə konvensiyalar hazırlanması tələbini qoyuruq və bunun uğrunda ciddi mübarizə aparırıq.

C.Səttarova təəssüflə onu da qeyd etdi ki, ittifaq üzvlərimizin böyük qismi, bir işçi kimi, hələ öz əmək və sosial hüquqlarını kifayət qədər bilmirlər. Bunu nəzərə alaraq planlaşdırmışıq ki, 2019-cu ildə sahə üzrə maarifləndirici tədbirlərin sayını artıraq. Belə tədbirlər müntəzəm olaraq kitabxanalarda da keçiriləcək.

Biz sizin problemlərinizi öz dilinizdən eşitmək istəyirik. İstəyirik ki, problemlərinizi bizə etibar edəsiniz. Biz də sizinlə birlikdə onların həllinə çalışaq.

Sonra o, tədbir iştirakçılarına Respublika Komitəsinin Fəxri fərmanlarını və pul mükafatı təqdim etdi. Kitabxananın direktoru Rəna Biləndərova kollektiv adından səmimi qəbula və mükafatlara görə təşəkkürünü bildirdi. Həmkarlar ittifaqı ilə əməkdaşlıq şəraitində işləməyin hər iki tərəfə, daha çox sıravi işçilərə böyük faydalar gətirdiyini diqqətə çatdırdı.

 Bəyalı RZAYEV