Respublika müsabiqəsinin yekunlarına hazırlıq


Baxıldı : 36

Tarix : 2017-11-04 04:39:51


"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə keçirilən Respublika müsabiqəsində bu il “Xidmət-İş" Hİ Federasiyasının xidmət sahəsinə daxil olan 3 müəssisə iştirak edir. Onlardan biri "Azpetrol" MMC-nin Qaradağ rayonu, Salyan şosesində fəaliyyət göstərən "Mayak" Yanacaqdoldurma Məntəqəsidir. Müəssisə müştərilərə nümunəvi xidmət göstərməklə yanaşı, işçilərin sağlam və təhlükəsiz əmək şəraitində çalışmasına daim xüsusi diqqət yetirir. Odur ki, son illər yüksək təhlükə şəraitində işləyənlər arasında bədbəxt hadisələr qeydə alınmamışdır.

Bir neçə gün əvvəl "Xidmət-İş" Hİ Federasiyasının texniki əmək müfəttişliyinin mütəxəssisləri Tofiq Hüseynov, Seymur Nəbiyev və Rüfət Məmmədov bu müəssisədə olmuşlar. Müsabiqənin təşkili və keçirilmə qaydasının AHİK-in İcraiyyə Komitəsinin təsdiq etdiyi Əsasnaməyə uyğun olub - olmadığını yoxlamışlar. Müfəttişlik müsabiqədə iştirak etməyin vacib şərtlərindən birinin bədbəxt hadisələrin ən azı minimuma endirilməsi, eləcə də işçilərlə bütün səviyyələrdə əməyin və ətraf mühitin mühafizəsi üzrə təlimatların keçirilməsi, iş yerlərinin attestasiyasının aparılmasının olduğunu diqqətə çatdırmış, metodiki köməklik göstərmişlər.

Yoxlamanın sonunda HİK sədrinə təqdimat vermişlər. Demişlər ki, təqdimatda göstərilən iradlar tam yerinə yetirildikdən sonra müsabiqə üçün lazımi sənədləri dekabr ayının əvvəlinə qədər Federasiyaya təqdim etmək olar.

 

Bəyalı RZAYEV