Respublika Spartakiadası sona çatıb


Baxıldı : 367

Tarix : 2018-01-05 22:45:07


"Gənclik "Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri  arasında basketbol yarışı keçirilib. Spartakiadanın proqramına uyğun olaraq basketbol (oğlanlar və qızlar) üzrə yarış Bakı 2 saylı Baza Tibb Kollecinin idman zalında baş tutub.

Qızlar arasında basketbol yarışının qalibi  Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası olub. İkinci yeri Bakı Rabitə və Nəqliyyat Kolleci tutub. Üçüncü sırada Bakı 2 saylı Baza Tibb Kollecinin komandası qərarlaşıb. 

Oğlanlar arasında yarışın yekun nəticəsinə görə, Bakı Sosial İqtisad Kollecinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Bakı 2 saylı Baza Tibb Kollecinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Bununla da Gənclər və İdman, Təhsil nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika Spartakiadası sona çatıb.

Ümumilikdə Spartakiadada 14 komanda, 583 tələbə-idmançı (233 nəfər qız və 350 nəfər oğlan) iştirak edib.

Spartakiadanın yekun nəticəsinə görə, ümumkomanda hesabında Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci olub. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci yeri tutub.  Bakı  Dövlət Rabitə və Nəqliyyat Kolleci isə ilk üçlüyü tamamlayıb.

Oğlanlar arasında komanda yarışında Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci, Bakı  Dövlət Rabitə və Nəqliyyat Kolleci ikinci, Bakı  İdarəetmə və Texnologiya Kolleci isə üçüncü sırada qərarlaşıb.

Qızlar arasında Spartakiadanın qalib komandası adına Azərbaycan Dövlət Pedaqoji Kolleci layiq görülüb. Sonrakı yerləri Bakı 2 saylı Baza Tibb Kolleci və Bakı  Dövlət Rabitə və Nəqliyyat Kolleci tutub.

Azər MUSTAFAYEV