Respublikamızda da məktəbli avtobuslarına ehtiyac yaranıb


Baxıldı : 300

Tarix : 2015-02-07 13:42:00


Paytaxtda saatlarla davam edən tıxacların hər kəsə narahatlıq yaratdığı dəfələrlə vurğulanıb. Xüsusən şəhərin mərkəzi hissəsində günün müəyyən vaxtlarında hərəkət mümkünsüz olur. Belə tıxaclar isə daha çox təhsil müəssisələrinin qarşısında yaranır. Uşaqlarını dərsə aparıb-gətirən valideynlər avtomobillərini məktəbin, demək olar ki, qapısında, heç bir qayda-qanun gözləmədən, saxlayırlar. Beləliklə yolun böyük bir hissəsini bağlayırlar. Bir çox ölkələrdə bunun sadə yolu tapılıb. Uzaq məsafədən gedib-gələn uşaqların rahatlığı üçün məktəbli avtobuslarından istifadə edilir. Hətta Hindistan, Banqladeş, Kolumbiya, Estoniya kimi inkişaf etməkdə olan dövlətlər artıq çoxdan bu praktikadan istifadə edirlər. Məktəbli nəqliyyatının tarixinə gəldikdə isə \ Ford\ konsernində çalışan A.L.Lusi ilk dəfə belə bir ideya irəli sürüb ki, nə üçün zavodlar uşaqları məktəbə aparıb- gətirən xüsusi təyinatlı avtobuslar (\ school bus\ ) istehsal etməsin. Beləliklə, 1927-ci ildə ilk dəfə uşaqların daşınması üçün xüsusi nəqliyyat növü meydana gəlir. Hazırda bu cür \ school bus\ lar ABŞ-da, Kanadada, Böyük Britaniyada, Fransada, Almaniyada, Yaponiyada və Avstraliyada geniş yayılıb. Rusiyada 1999-cu ildən etibarən \ məktəb avtobusları\ istifadədədir. Xüsusi təyinatlı belə nəqliyyatlar təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Təhlükəsizlik kəmərləri, aşağı sürət, xüsusi xəbərdarlıq siqnalları ilə təchiz olunmuş bu cür avtobuslar nəqliyyatın ən sürətli hərəkəti müşahidə olunan yollarda da üstünlüklər yaradır. Məsələn, bir çox ölkələrin müvafiq qanunvericiliyində göstərilir ki, məktəb avtobuslarına yaxınlaşanda və ya yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır. Məhz buna görə də məktəbli avtobusları ən az qəzaya uğrayan nəqliyyat hesab edilir. Həmin avtobuslar uşaqların mənzil başına təhlükəsiz çatmasını təmin etməklə yanaşı, uşaqlar arasında ayrı-seçkiliyi də aradan qaldırır. Məktəbin xüsusi nəqliyyatının mövcud olması təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Belə ki, məktəb həyatı uşaqları sosiallaşdıran başlıca institutlardan biridir. Düzdür, hazırda paytaxt məktəblərinin bir neçəsində, xüsusilə də özəl məktəblərdə məktəbli avtobusları var. Amma bu təcrübə geniş yayılmayıb. Halbuki məktəbli avtobuslarını həm məktəb, həm də bələdiyyələrin imkanları hesabına təşkil etmək məqsədəuyğun olardı. Çünki bu cür tətbiqolunmalar təhsil sahəsində kompleks islahatlar həyata keçirilərkən sosial sifarişin bir hissəsi hesab edilir.Ekspert Ərşad Hüseynov deyir ki, məktəbli avtobuslarının istifadəyə verilməsi hər şeydən əvvəl valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir: \ Əgər məktəbli avtobusları olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik. Həmin məsələyə iki tərəfdən baxmaq lazımdır. Azərbaycanda məktəb məsələsində əhalinin yanaşmasında anormallıq var. Bu iş elə təşkil olunmalıdır ki, uşaqlar məktəbə nəqliyyatsız getsin. Yaşayış ərazilərindən məktəblərin dislokasiyası aparılmalıdır. Təmayüllü və xüsusi təyinatlı məktəblərdə nəqliyyatın uşaqları məktəbə aparmasını ehtiyac ola bilər. Amma burada da xüsusi təyinatlı avtobuslardan istifadə olunmalıdır\ . Psixoloqlar da o qənaətdədir ki, məktəbli avtobuslarından istifadə uşaqların həm də gələcəyi üçün önəmlidir. Belə ki, şagirdlərin məktəbdə əldə etdiyi bilik və bacarıqlara çevik reaksiyası və bundan doğan zehni gərginliyə, üstəlik uzun yol qət etmək məcburiyyəti səbəbindən fiziki yorğunluq da əlavə olunur ki, bu da dərslərdə geriləməyə və mövzuların istənilən səviyyədə mənimsənilməməsinə gətirib çıxarır. Həmçinin bu, kiçik yaşlardan etibarən, uşaqlarda ünsiyyətin formalaşmasına kömək edir, kollektiv əhvali-ruhiyyənin yaranmasına və davamlı olmasına güclü təsir göstərir. Xalid AZƏR