Risklərin qarşısının alınmasında maarifləndirməyə üstünlük verilir


Baxıldı : 96

Tarix : 2018-04-14 00:43:06


“Bədbəxt hadisələrdən qorunmaq üçün iş yerlərində riskləri aşkarlayın... qiymətləndirin... qarşısını alın...” şüarları gənc işçilərin istehsalatda öz sağlamlığını qorumaq işində bilavasitə iştirakına çağırışdır. Yəni heç bir gənc sağlamlığını başqalarının qoruyacağına ümid etməməlidir. Müşahidə etdiyi normativdənkənar amillər və onların ləğvi barədə məsələ qaldırmalı, həllinə nail olmalıdır”.

Bu sözlər Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aprelin 13-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirdiyi seminarda səslənmişdir. Tədbirdə Respublika Komitəsinin əməyin baş texniki müfəttişi Əliş İbrahimov çıxış edərək bu əlamətdar günün yaranma tarixini diqqətə çatdırmışdır. Demişdir ki, 28 Aprel Günü 1989-cu ildə Kanada və Amerika Birləşmiş Ştatları işçilərinin təşəbbüsü ilə meydana gəlmişdir. Həmin gün işdə həlak olanların və xəsarət alanların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Lakin sonrakı illərdə bu tarixin məqsədləri daha geniş məna əxs etdi. Aprelin 28-i “xəsarətsiz istehsalat uğrunda hərəkatı” xarakteri aldı. Artıq hər il 100-dən çox ölkədə bu hərəkata milyonlarla işçi qoşulur. Azərbaycan həmkarlar ittifaqı 2004-cü ildən bu hərəkatın iştirakçısıdır. Hər il ölkəmizdə müxtəlif devizlər altında üzv müəssisələrdə yığıncaqlar, konfranslar, seminarlar keçirilir. İlin çağırışları tədbir iştirakçılarına çatdırılır. Təcrübələr, təkliflər, problemlər, onların həlli yolları səsləndirilir. Yaxşı haldır ki, belə tədbirlərə işəgötürənlərin, hökumət qurumlarının nümayəndələri də dəvət olunur.

Ə.İbrahimov bildirdi ki, ittifaqımızın sıralarında gənclərin sayı kifayət qədər çoxdur. Biz onların çalışdıqları sahələrin risklərini öyrənir və bu risklərin ağır qəzalara səbəb olmaması üçün maarifləndirmə işinə fəaliyyətimizdə böyük yer veririk. Ötən il respublikamızın əksər bölgəsində əməyin mühafizəsinə dair zona seminarları keçirilib.

Təkcə Tovuzda baş tutmuş seminara Qazax, Ağstafa, Şəmkir rayonlarından, Gəncə şəhərindən onlarla komitə sədri və fəalı cəlb olunmuşdu. Onların əksəriyyəti gənclər idi. Dinləyicilərə əməyin mühafizəsinə dair hüquqi, normativ aktların şərhi, izahı verilmişdi. Sualları cavablandırılmışdı.

Ə.İbrahimov onu da bildirdi ki, biz təkcə maarifləndirmə ilə işimizi bitmiş hesab etmirik. İlk təşkilatlarımız, onların nəzdində yaradılmış müvafiq komissiyalar iş şəraitinə vaxtaşırı baxışlar həyata keçirir, işçilərlə iş başında görüşür. Əldə etdikləri məlumatı işəgötürənlərin iştirakı ilə komitədə müzakirə edirlər. Əminəm ki, bu seminar da əməyin təhlükəsizliyi istiqamətində gördüyümüz işlərin gələcəkdə daha səmərəli nəticələr verəcəyi baxımından faydalı olacaq.

Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi Şöbəsinin müdir müavini Əli Mədətov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Asəf İsmayılovun da çıxışları dinlənildi.

Tədbirdə Bakı şəhər rayonlarından 11 komitə sədri və 30 nəfərdən çox Hİ fəalı iştirak edirdi.

İştirakçılara sonda AHİK-in hazırladığı sorğu anketi paylandı.

Bəyalı RZAYEV