Örnəyi kimdən götürməliyik


Baxıldı : 456

Tarix : 2016-11-23 16:09:47


Qəzetimizin səhifələrində əsas önəm verdiyimiz məsələlərdən biri də təhsilimiz, onun müxtəlif problemləridir. Bu dəfə isə ölkə ictimaiyyətini, valideynləri narahat edən bir məsələni - müəllimlərin geyimləri ilə bağlı iradları, təklifləri topladıq, araşdırma apardıq. Müzakirələrdə təhsil işçilərinin, mütəxəssislərin rəyləri də nəzərə alındı. Paytaxtın bir neçə orta ümumtəhsil məktəblərində olduq və qocaman müəllimlərlə, valideynlərlə görüşdük. Bu barədə onların münasibətlərini öyrəndik. Apardığımız çoxsaylı müzakirələrdən məlum oldu ki, müəllimlərin geyimi bəzi müəssisələrdə qaneedici olsa da, elələri də var ki, orada vəziyyət əxlaqi baxımdan heç də ürəkaçan deyil. Əlbəttə, bu da müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərir. Eyni zamanda bu problem valideynləri də narahat edir. Övladlarının təhsil aldıqları orta məktəblərdə belə bir halın olması təhsil işçilərinə inamın azalmasına gətirib çıxarır və bu, tədris müəssisəsinin nüfuzuna xələl yetirir. Hətta əksər şagirdlər belə müəllimləri özlərinə örnək də götürürlər. Nəzərə alsaq ki, orta məktəblər həm də yeniyetmələrin sərbəst həyata hazırlanmasında, dünyagörüşünün formalaşmasında da bilavasitə körpü rolunu oynayır. Deməli, burada əks olunan, tədris edilən, öyrədilən, yaxşı və pis olmasından asılı olmayaraq, hər bir şey onların hafizəsinə köçürülür. Və onlar da sonralar bundan müəyyən nəticə çıxarırlar. Təbii, valideynlər də düşünürlər ki, belə vəziyyət övladlarına mənfi təsir edir, təhsil prosesi zamanı onların fikrini yayındırır. Məsələyə təhsil ictimaiyyətinin baxışları da fərqlidir. Bəziləri bunu müasir dövrlə əlaqələndirib normal hesab etsə də, bir çoxları isə müəllimlər üçün standart geyim forması olmasının tərəfdarıdır. Qabaqcıl inkişaf etmiş bir sıra ölkələrin təhsil müəssisələrində müəllimlər üçün vahid geyim formalarının tətbiqinə artıq çoxdan start verilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva bildirib ki, bəzi müəllimlərin xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük yaradır. Bu müəllimlər açıq-saçıq, \ təhsil və tərbiyə ocağı\ adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə mənfi təsir göstərirlər. Amma belələrinin arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar. M.Vəliyeva qeyd edib ki, müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyil: \ Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir. Nəzərə çatdırım ki, təhsil nazirinin 16 may 2014-cü il tarixli, 600 saylı əmri ilə \ Müəllimlərin etik davranış qaydaları\ təsdiq olunub. Bu və digər məsələlər həmin qaydalarda öz əksini tapıb. Müəllimlərin bu qaydaları oxumaları və oradakı tələblərə əməl etmələri çox vacibdir\ .A.MUSTAFAYEV