Rusiya Əmək Konfederasiyası narahatdır


Baxıldı : 429

Tarix : 2020-06-12 05:49:38


Rusiya Əmək Konfederasiyasının İcraiyyə Komitəsi Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya müraciət ünvanlayıb. Müraciətdə yuxarı palataya “İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi və yeni koronavirus infeksiyasının yayılmasının nəticələrinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Rusiya Federasiyasının ayrı-ayrı qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” qanun layihəsini qəbul etməmək təklif olunur.

Bu qanun qəbul edilsə, hökumətə mövcud 2020-ci ilin sonunadək əmək münasibətlərini Əmək Məcəlləsindən yan keçərək tənzimləmək imkanı verir.

İcraiyyə Komitəsi yuxarı palatanın diqqətinə çatdırır ki, qanun layihəsinin hələ qəbul edilməməsinə baxmayaraq, icra hakimiyyəti orqanları əvvəlcədən gözlənilməz nəticələrə səbəb ola biləcək təşəbbüslər irəli sürür və bununla da vətəndaşların hökumətə etimadını zədələyir.

Konfederasiyanın qiymətləndirməsinə görə, Rusiya Federasiyası Hökumətinin qərar layihəsi Əmək Məcəlləsinin mövcud müddəaları ilə müqayisədə işçilərin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən normaları ehtiva edir. Sənəd işəgötürənlərin işçiləri razılığı olmadan başqa işə keçirmə hüquqlarını genişləndirir, əməkhaqqının məbləği və iş vaxtının rejimi də daxil olmaqla, əmək müqaviləsinin məcburi şərtlərinin dəyişdirilməsi barədə xəbərdarlıq müddətlərini qısaldır.

Müraciətdə bildirilir ki, “Qərar layihəsi əmək azadlığını və məcburi əməyin qadağan edilməsini təmin edən Rusiya Federasiyası Konstitusiyasının müddəalarına zidd olaraq həyata keçirilir. Bununla da əmək münasibətlərinin sabitliyi pozulur, kütləvi işdən azad olunma təhlükəsi yaranır”.

İcraiyyə Komitəsi qeyd olunan qanun layihəsinin sosial və əmək münasibətlərinin tənzimlənməsi üzrə Rusiya üçtərəfli komissiyasında dəstək almadığını da Federasiya Şurasının nəzərinə çatdırır.