Ərzaq təminatı hansı amillərdən asılıdır?


Baxıldı : 320

Tarix : 2015-03-14 02:56:00


Azərbaycanın ərzaq mallarına olan ehtiyacı daxili istehsal və idxal hesabına təmin olunur. Hər iki mənbəni ölkənin ərzaq təhlükəsizliyinin təminatında nə dərəcədə etibarlı hesab etmək olar? Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məsələyə münasibət bildirərək deyib ki, son illər kənd təsərrüfatı məhsulu istehsalı göstəricilərinin tez-tez və kəskin şəkildə dəyişməsi daxili istehsalın dayanıqlı olmadığının göstəricisidir. Misal üçün, 2014-cü ildə strateji əhəmiyyət kəsb edən taxıl istehsalı əvvəlki ilə nisbətən 575 min ton azalıb. Azalan isə əsasən buğda olub. Belə ki, həmin ildə əvvəlki ilə nisbətən 451 min ton az buğda istehsal olunub. İkinci çörək hesab olunan kartof istehsalının 2014-cü ildə 173 min ton azalması da çox ciddi məsələdir. Tərəvəz, üzüm, çay və sair məhsulların da istehsalında ciddi azalmalar var. Ot istehsalının kəskin şəkildə azalması isə otun qiymətinin 2-3 dəfə artmasına səbəb oldu. Elə bu səbəbdən də fermerlər heyvanlarını kütləvi şəkildə kəsimə vermək məcburiyyətində qaldılar. Kənd Təsərrüfatı Nazirliyinin 2014-cü ildə istehsalda olan azalmaları iqlimlə, quraqlıqla əlaqələndirməsi də daxili istehsalın həmçinin tam təbiətdən asılı olduğunu göstərir. Digər məsələ isə, aqrar sahə elmlə əlaqəsini itirib. Sahənin inkişafında strateji əhəmiyyət kəsb edən seleksiya, genetika və yeni məhsuldar heyvan cinslərinin yaradılması və təkmilləşdirilməsi işləri dayandırılıb. Bitkiçilikdə yeni bitki sortlarının yaradılması və onların rayonlaşdırılması işləri isə köhnə, primitiv qaydada aparılır. Kənd təsərrüfatında işlərin elmə əsaslanmadan kortəbii aparılması aqrar sahənin ölkənin ərzaq təminatında üzərinə düşən vəzifənin öhdəsindən gələcəyinə əminlik yaratmır. Aqrar siyasətin müəyyənləşdirilməsində, kadrların yerləşdirilməsində, idarəetmədə qeyri-peşəkarlıq mövcuddur. Bu kimi neqativ hallar ümumilikdə kənd təsərrüfatının dirçəlməsinin qarşısını alır, mövcud problemlərin daha da genişlənməsinə, dərinləşməsinə səbəb olur. Kənd təsərrüfatı məhsulu istehsalında istifadə olunan istehsal vasitələri, texnika, texnoloji avadanlıqlar, toxum, gübrə, pestisidlər, əsas yem komponentləri, genetik materiallar və sair xaricdən gətirilir. Bu qədər istehsal vasitələrinin idxaldan asılılığı və son illər dünyada baş verən iqtisadi proseslər də daxili istehsalın davamlı olacağını şübhə altına alır.Ekspert həmçinin bildirib ki, idxal da ərzaq təminatında güvənli deyil. Ona görə ki, regiondakı gərgin və qeyri-sabit vəziyyət ölkəmizə mal, məhsul idxalını, nəqlini təhlükə altına alır. Əsas ərzaq idxal etdiyimiz ölkələrdə də kənd təsərrüfatı məhsulu istehsalı dayanıqlı deyil. Son zamanlar həmin ölkələr ixrac etdikləri məhsulun istehsalını azaltmaq və idxalı əvəzləyən məhsul istehsal etmək kursu götürüblər. Azər MUSTAFAYEV