Sənədsiz evlər yenidən gündəmdə


Baxıldı : 220

Tarix : 2015-12-12 06:27:00


Neftin qiymətinin dünya bazarında ucuzlaşması iqtisadiyyatının əsasını \ qara qızıl\ təşkil edən ölkələri bir sıra addımlar atmağa sövq edir. Neft gəlirlərindən itirilən vəsait qeyri-neft sektorunun inkişafı ilə qazanıla bilər. Amma bunun üçün uzun müddət tələb olunur. Ekspertlər isə dövlət büdcəsinin gəlirlərini artıran əsas sahələrdən birini vergi ödənişlərinin tam yığılmasında görür. Amma heç kəsə sirr deyil ki, hazırda respublikamızın ərazisində müvafiq sənədləri olmadığından torpaq və əmlak vergisi ödənilməyən minlərlə mənzil var. Halbuki həmin mənzillərin sənədləşməsi ilə dövlət büdcəsinə xeyli vasait cəlb etmək olar.Məsələyə münasibət bildirən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov da mətbuata açıqlamasında bildirib ki, hazırda şəhər və rayonların kadastrlarının hazırlanması işləri aparılır: \ Bu işlər yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müvafiq qurumlarla müzakirə ediləcək. Hansı sahələrdə mümkündürsə, həmin tikintilərin sənədləşdirilməsi haqqında qərar veriləcək\ . Milli Məclisin İqtisadi Siyasət Komisətinin üzvü Vahid Əhmədov isə o qənaətdədir ki, indiyədək problemin bir hissəsi həllini tapmalı idi: \ Artıq 1 ildən çoxdur ki, bununla bağlı qərar var. Müvafiq normativ aktda müəyyən edilən müddətədək tikilən evlər sənədləşdirildikdən sonra digərlərinə də baxmaq olar. Amma öncə Bakı Şəhər İcra Hakimiyyəti barəsində qərar verilən evlərlə bağlı məsələni həll edib yekunlaşdırmalı və həmin evlərə sənəd verilməlidir\ . \ NBA Konsaltinq\ şirkətinin rəhbəri Nüsrət İbrahimov isə o qənaətdədir ki, hazırda sənədləşdirilməsi məsələsi gündəmdə olan evlərlə bağlı qərar verilməzdən öncə respublikanın bütün regionlarında daşınmaz əmlakın inventarizasiyasının aparılması vacibdir: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti bütün daşınmaz əmlakların inventarizasiyası üzrə iş aparmalıdır. Artıq bir çox bölgələrdə, Bakıda, Sumqayıtda, Qubada bu proses yekunlaşıb. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti bütün ölkə üzrə daşınmaz əmlakın inventarizasiyasını apardıqdan sonra ola bilər ki, hər hansı qərar qəbul edilsin. Bu proses yekunlaşandan sonra sökülməli olan evlər barədə də qərar qəbul ediləcək. Əgər yüksək gərginlikli elektrik xəttinin altında çoxlu sayda ev varsa, o ailələrin köçürülməsi, həmin elektrik xəttinin çəkilməsindən daha çox xərc tələb edirsə, o zaman evlərin saxlanılıb elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı qərar verilə bilər. Bu məsələ bir-iki günə həll olunan məsələ deyil, bu, ölkə səviyyəsində həllini tapmalıdır. Amma istənilən halda ölkədə bu sahədə tam inventarlaşma aparılmayınca, qərarın verilməsi mümkün olmayacaq\ .Xalid AZƏR