Sənaye potensialının inkişafı


Baxıldı : 141

Tarix : 2016-10-21 04:44:00


Hər zaman olduğu kimi, bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir\ . Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləmişdir. O qeyd etmişdir ki, son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi dəfələrlə artmışdır. \ Ülfət\ qəzetinə açıqlama verən Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Prezidentin açıqlamalarını şərh edərək vurğuladı ki, Azərbaycanda sənayenin inkişafı qənaətbəxşdir və dövlət də öz növbəsində bu sahədə xeyli işlər görür. Amma yenə də indiki iqtisadi vəziyyət onu tələb edir ki, ölkəmizdə güclü sənayeləşmə prosesi getməlidir. Həm neft maşınqayırma sahəsini, həm kənd təsərrüfatının emal sənayesini, həm də yerli xammaldan istifadə etməklə toxuculuq, tikiş və sairə kimi sahələri inkişaf etdirmək lazımdır. Deputat vurğuladı ki, sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yerli istehsalata investorların cəlb olunması üçün atılan addımlara toxunan V.Əhmədov bildirdi ki, o dövlətə investisiya qoyulur ki, orda stabillik olsun: Fikir versəniz görərsiniz ki, dünya dövlətlərinin əksəriyyətində müharibələr gedir. Torpaqlarımızın hələ də erməni işğalı altında olmasına baxmayaraq, ölkəmizdə stabillikdir. Bu stabillik dövlət başçısı tərəfindən qorunub saxlanılır. Eyni zamanda Azərbaycanda da investisiya yatırmaq istəyən şirkətlər çoxdur və bu şirkətləri cəlb etmək üçün Prezidentin xüsusi fərmanı var. Bu sahədə təşkilati işlər aparılır, yəni ölkəmizdə və xaricdə bununla bağlı sərgilər keçrilir və sairə\ .Yerli sənaye məhsullarının daxili bazarda satış imkanlarını genişləndirməklə sənayenin inkişafına təsirindən danışan Milli Məclisin üzvü vurğuladı ki, ümumiyyətlə götürdükdə, Azərbaycan xaricdən çox məhsul idxal edir, o cümlədən də sənaye məhsullarını. Ona görə də ölkəmizdə həmin məhsulların istehsalını təşkil etmək lazımdır. Bir sözlə, Azərbaycanın daxili bazarını təmin etməklə əlaqədar elə məhsullar istehsal etmək lazımdır ki, həmin məhsullar xaricə də ixrac edilsin, yəni ölkəmizə əlavə valyuta gətirsin. ALİYƏ