Sığorta satışına maraq azalıb


Baxıldı : 336

Tarix : 2016-07-22 01:13:00


Azərbaycan sığorta bazarında endirimlərin ləğv edilməsi və agentlərə verilən komisyon haqqının azaldılması sığorta agentlərinin xeyli hissəsinin satışları dayandırması ilə nəticələnib. Belə ki, sığorta agentləri müştərilərə verilən endirimlərdən məhrum olublar. Digər tərəfdən, artıq 25-30 % deyil, 15 % komisyon haqq müəyyən edilib. Belə olan halda isə sığorta satışına maraq azalıb. Ekspertlər bildirirlər ki, bunun bir neçə səbəbi var. Birincisi, hazırda sığorta satışı azalmaqda davam edir. Satışların ən çox olduğu icbari avtomobil sığortası sahəsində də satışlar əvvəlki kimi deyil. Sığortaçıların sözlərinə görə, həm iqtisadi durğunluq, həm icbari avtomobil sığortasına nəzarətin zəifləməsi bu sahədə satışların azalmasına səbəb olub. Məsələn, bir sığorta agenti ayda 100-120 sığorta polisi (sığorta haqları və sığorta ödənişlərinin həcmini, ödəmə qaydalarını müəyyənləşdirən, bir sözlə, sığorta müqaviləsini müəyyənləşdirən sənəddir) satırdısa, indi bu rəqəm 40-a qədər azalıb. Digər önəmli məsələ isə, sığorta bazarında şok effekti verən komisyon haqların 15%-dən artıq verilməməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətlərinə qoyduğu qadağa ilə bağlıdır. Sığorta agenti Vüqar Əliyev bildirib ki, icbari sığortaların standart qiyməti olsa da, müştərilərdə elə təəssürat yaranmışdı ki, icbari sığortanı ucuz əldə etmək olar: \ 70-72 manata satılan icbari sığortanı indi ancaq 85-90 manata kimi endirimlə almaq mümkündür. Əvvəlki endirimlərə alışan sürücü isə bu qiymətə icbari sığorta almaq istəmir. Digər tərəfdən, sığorta agentlərinin gəlirləri də azalıb. Məsələn, bir sığorta agenti 900-1400 manat qazanırdısa, indi bu rəqəm 450 manata qədər azalıb. Nəticədə sığorta agentləri bu sahədən uzaqlaşmağa başlayıblar\ . V.Əliyevin sözlərinə görə, hazırda sığorta agentlərinin satışları azalır: \ Vəziyyət belə davam etsə, heç kim agent kimi sığorta satmayacaq\ .Satışların azalması ilə bağlı sığorta agentlikləri də işçilərini ixtisar edib. Bunun səbəbi sığorta agentlərindən fərqli olaraq agentliklərin əlavə xərclərinin olmasıdır. Sığorta agentlikləri reklam xərcləri, ofisin kirayəsi, vergi və sosial ödənişləri, işçilərin əməkhaqları kimi ödənişlər həyata keçirməli olurlar. Agentliklərdən bildirirlər ki, 15%-lik komisyon haqla bütün bu xərcləri qarşılamaq mümkün deyil. Digər tərəfdən, satışların aşağı düşməsi əlavə işçi saxlamaq üçün sərfəli deyil. Ona görə də satışları 50 %-dən aşağı olan işçilər ixtisar edilir. Cavid SƏFƏROV