Sürücüləri narazı salan daha bir məsələ həllini tapır


Baxıldı : 192

Tarix : 2015-10-17 00:46:00


Uzun müddətdir sürücülərin şikayət etdikləri əsas şəxslərdən biri də nəqliyyat müfəttişləri idi. Bu şəxslər tərəfindən sürücülərin sənədlərinin əllərindən alınması, avtomobillərin dövlət qeydiyyat nişanlarının açılması, hətta sürücülərin döyülməsi ilə bağlı məlumatları tez-tez oxuyurduq. Ölkə başçısının fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib. Maraqlıdır ki, artıq bu sahədəki problemlərin həll olunacağını gözləyə bilərikmi?Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, yeniliyin tətbiqindən sonra real vəziyyəti görəcəyik: \ İnzibati Xətalar Məcəlləsinin tətbiqinə dair Fərmana edilən dəyişikliyə əsasən, \ Taksi\ tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması kimi xətalara Dövlət Yol Polisi baxacaq. Bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq”.Xalid AZƏR