Sürüşmə sahələrində aktivlik artır


Baxıldı : 335

Tarix : 2015-10-09 02:34:00


Uzun müddətdən sonra paytaxtda yağan yağış sürüşmə zonalarında aktivliyi artırıb. Yağışlardan az sonra Bakı-Sumqayıt yolunda sürüşmə baş verdi. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib və Bakı Beynəlxalq Avtovağzalının yola yaxın həyətində iri çatlar əmələ gəlib. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri və Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizlik Dövlət Agentliyinin iki institutu - S.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor və Azərbaycan Dövlət Layihə institutlarının ekspertləri baxış keçirib. Hazırda sürüşmənin səbəbləri araşdırılır. Bu arada Qobustan-Şamaxı-İsmayıllı avtomobil yolunun ətrafındakı sürüşmə ocaqlarının aktivliyi artıb. Həmçinin bu günlərdə evləri sürüşmə zonasında olan Suraxanı rayonu, Zığ qəsəbəsi sakinləri etiraz aksiyası keçirməyə cəhd edib. Sakinlərin sözlərinə görə, onlar qəzalı evlərinin yanında çadır quraraq orada gecələmək istəyirlər. Problem həll edilməyənədək çadırdan çıxmayacaqlarını bildirən sakinlər bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinə, Zığ qəsəbə nümayəndəliyinə, kənd sovetinə məlumat verdiklərini vurğulayıblar.Payızda yağıntıların intensiv xarakter alması nəticəsində digər sürüşmə zonalarında da aktivliyin artması gözlənilir. Belə olan halda əhaliyə zərər dəyməməsi üçün nə kimi tədbirlərin görülməsi maraqlıdır.Mütəxəssislərin qənaətinə görə, Cənubi Qafqazda müşahidə olunan sürüşmələrin əsas səbəblərindən biri relyefin özüdür. Geomorfoloji şərait sürüşməni yaradan daimi amillərdən biridir. Amma son zamanlar baş verən sürüşmələrdə digər amillər də var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının Ekzogen Geoloji Proseslərin Öyrənilməsi Partiyasının rəisi Sadiq Əmiraslanovun sözlərinə görə, sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır: \ Hazırda sürüşmə sahələrində müəyyən aktivləşmə müşahidə edilir. Bu, yay aylarının həddindən artıq quraqlıq keçməsi və torpaqda yeni çatların əmələ gəlməsi, mövcud çatların genişlənməsi ilə bağlıdır. Bununla yanaşı, hazırda atmosfer çöküntülərinin bu çatlar vasitəsilə daxil olması da sürüşmə sahələrində qismən aktivləşməyə səbəb olub. Bu aktivləşmələr daha çox avtomobil yolları ərazilərində müşahidə edilib. Amma artıq sürüşmənin yaratdığı təhlükələr aradan qaldırılıb. Bayıl yamacı, Zığ, Masazır, Əhmədli qəsəbəsi, Xətai rayonu ərazisindəki General Şıxlınski küçəsi və Gəncə prospektindəki sürüşmə zonalarında aktivliyin qarşısının alınması üçün görülən tədbirlər nəticə verir. Amma ümumilikdə respublikadakı sürüşmə sahələrində elə bir təhlükə yoxdur\ .S.Əmiraslanovun sözlərinə görə, hazırda respublika ərazisində 140 sürüşmə və uçqun sahəsi var: \ Onların 40-nın vəziyyəti daha təhlükəli hesab edilir. Respublika ərazisindəki təhlükəli sürüşmə əraziləri daha çox Şamaxı, Qobustan, Lənkəran, Lerik, Quba, Qusar, Gədəbəy rayonlarındadır. Əsasən son illərdə bu ərazilərdə aktivləşmələr olur. Təhlükəli sürüşmə sahələrində monitorinqlər mütəmadi olaraq davam etdirilir. Bəzi ərazilərdə sürüşmələr 6-7 il əvvəl olub. Hazırda həmin ərazilərdə sürüşmə sahələri stabilləşib. Bu ərazilərə yenidən baxış keçirilərkən də orada aktivləşmələr müşahidə olunmayıb. Hazırda bütün respublika üzrə sürüşmə potensiallı ərazilərin xəritəsinin hazırlanması istiqamətində işlər aparılır\ . Ekspertin sözlərinə görə, torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir: \ Sürüşmə-seysmik təkandan, öz ağırlığından, yamacın altının yuyulmasından, ifrat nəmişlikdən və digər proseslərdə süxur kütlələrinin yamac boyu yer dəyişməsidir. Torpaq sürüşmələri, dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir. Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunub ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) faktorlar səbəb ola bilər. Təbii faktorlara yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanlar aiddir. Süni və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar. Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80 faiz antropogen amillər səbəb olur. Sürüşmələrin qarşısını almaq üçüm meliorativ tədbirlər görmək lazımdır. Yamacların təbii ekoloji potensialı pozulmamalı, harda gəldi ağacların kəsilməsinin qarşısı alınmalıdır. Yamaclarda olan təbii landşaft formaları, meşələr, kolluqlar qorunmalıdır. Adi kolluqların qırılması belə yamacların dayanıqlığına mənfi təsir göstərir\ .Xalid AZƏR