Sürətli elektrik qatarları yenidən gündəmdə


Baxıldı : 332

Tarix : 2015-03-14 03:04:00


Paytaxtda nəqliyyatın normal hərəkətinin təmini üçün son illər görülən tədbirlərə baxmayaraq, problemi yoluna qoymaq mümkün olmayıb. Ekspertlər isə problemdən çıxış yollarından biri kimi şəhər ətrafında elektrik qatarı xətlərinin çəkilməsini təklif edirlər. Artıq Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. \ Azərbaycan Dəmir Yolları\ QSC-dən verilən məlumata görə, bundan əlavə, Sumqayıt baş stansiyasına daxil olmadan, Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin köməkliyi ilə \ Azərbaycan Dəmir Yolları\ QSC \ Dəmiryolservis\ MMC-nin müəssisələri həyata keçirir. Bu işlər başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.Məsələyə münasibət bildirən Bakının \ Baş Plan\ ının müəlliflərindən biri, əməkdar memar Feyzulla Quliyevin sözlərinə görə, elektrik qatarı və trolleybus dünyada ekoloji cəhətdən ən təmiz nəqliyyat növü kimi tanınır: \ Hazırda şimal istiqamətdə davamlı tıxacların olması bəlkə də bu nəqliyyat növünə üstünlük verməyin əhəmiyyətini bir daha göstərər. Yaxşı olardı ki, metro xətlərinin Sumqayıtla birləşdirilməsi reallaşdırılsın. Bu xətlər yeraltı da, yerüstü də ola bilər. Amma istənilən halda çalışılmalıdır ki, şəhərətrafı qəsəbələrdən çəkilən bu xətlər metro ilə əlaqələndirilsin. Digər tərəfdən, əgər bu gün ekologiyanın korlanmasından, tıxaclardan, piyadaların təhlükəsizliyindən geniş bəhs olunursa, onda elektrik qatarı və trolleybus ən faydalı nəqliyyat növüdür. Hazırda dünyanın bütün inkişaf etmiş ölkələrinin paytaxtlarında ictimai nəqliyyat vasitələrinin ən çox işlənən növləri trolleybus, tramvay və metrodur. Buna görə də şəhər ətrafında sürətli elektrik qatarlarının hərəkəti müsbət olardı. Çünki bu nəqliyyat növləri həm ekoloji cəhətdən, həm də sərnişinlərin mənzil başına rahat çatdırılması üçün sərfəli nəqliyyatdır\ .Ekspert Şahin Camalov isə deyir ki, bu gün zamanın tələbi elektrik qatarlarının bərpasını tələb edir: \ Bakı şəhərində nəqliyyat sektoru elə bir hala gəlib ki, elektrik qatarları, tramvaylar, trolleybuslar şəhərlərin ciddi və vacib atributuna çevrilib. Avropanın böyük və turistlərin daha çox olduğu şəhərlərində bu kimi nəqliyyata çox ciddi üstünlük verilir. Çünki kütləvi daşınma həyata keçirilir, onlarla, yüzlərlə insanı eyni anda daşıma imkanı var. Hər kəsin avtomobillə şəhərə çıxmasının qarşısını almaq üçün vacib elementlərdən biridir\ .Xalid AZƏR