Sərmayəni hansı bazara qoymaq sərfəlidir


Baxıldı : 289

Tarix : 2015-01-24 05:46:00


İqtisadçı Qubad İbadoğlu bildirib ki, hazırda Azərbaycanın daxili bazarında qızıl sürətlə bahalaşır. Əldə olunun məlumatlara görə, qiymətlərin artım səviyyəsi son 1 ayda 20-30 faiz səviyyəsində olub. Qızılın qiymətinin bahalaşması bu sahəyə yenidən diqqəti cəlb edib. Q.İbadoğlu deyib ki, əhalinin əmanətlərindən gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi və qonşu ölkələrdə milli valyutanın dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji təsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Eyni zamanda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Nəticədə əhalinin əlində cəmləşmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır. İndiki halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır ki, burada qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci isə qızıl bazarıdır ki, orada əksinə, qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən ilin sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib. Hazırda 1 unsiya qızılın qiyməti 1257 ABŞ dollarıdır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır. Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcələrinin qaldırılmasıdır. ELBRUS