İş saatlarının azaldılması təklif olunur


Baxıldı : 287

Tarix : 2015-10-09 02:49:00


Ötən il Beynəlxalq Əmək Təşkilatı 4 günlük iş həftəsi təklifi ilə çıxış etmiş və bunun tətbiq edilməsini iqtisadi inkişaf səviyyəsinə görə qabaqcıl mövqe tutan bir sıra ölkələrə tövsiyə etmişdi. Alimlərin hesablamalarına görə, iş müddətinin azaldılması təkcə işçiyə yox, rəhbərliyə də xeyir gətirir. Bu təklif təşəbbüs kimi irəli sürülsə də, hələ ki, öz təsdiqini tapmayıb. Həftədə 4 gün işləmək ilk növbədə sağlamlığa xeyirdir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu - bütün bunlar çox çalışmanın, oturaq iş tərzinin fəsadları sayıla bilər. İş vaxtlarının azaldılması insanlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır. Axı stress anormal iş rejimi olan insanları öz iş yoldaşları ilə daha çox konfliktə cəlb edir. Eyni zamanda bu, işçinin maddi durumuna da da yaxşı təsir göstərir. Belə ki, əgər istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. Əlbəttə, iş saatı ölkələr arasında müxtəlifdir. Məsələn, Danimarka və Norveçdə həftəlik iş saatı 33 saatdır. Buna baxmayaraq, həmin ölkələrdə illik orta qazanc 46 min və 44 min ABŞ dollarıdır. İrlandiyada həftəlik iş saatı 34 saatdır, illik orta maaş isə 51 min dollardır. Meksikada isə bir qədər çoxdur, həftəlik iş 48 saatdır, lakin bu, ölkə iqtisadiyyatına xeyir verir. Cənubi Koreyada iş həftəsi 44 saatdan 40 saata qədər azaldıldığı üçün insanların məşğulluq və yaradıcılıq faizi də artıb.A.MUSTAFAYEV