“Sabahı işıqlandıran gənclərdir”


Baxıldı : 146

Tarix : 2019-02-11 04:27:35


Fevralın 1-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzində “Sabahı işıqlandıran gənclərdir” adı altında mədəni-kütləvi tədbir keçirmişdir.

Tədbirdə sahə Hİ rayon komitəsinin sədri Rəhman Məmmədov çıxış etmişdir. Demişdir ki, 1996-cı ildə məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci Forumu keçirildi. 1997-ci ildən isə ulu öndərin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.

Məlum olduğu kimi, hörmətli Prezidentimiz İlham Əliyev ötən il sentyabrın 15-də “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Proqrama uyğun olaraq tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına “Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi” adlanan xüsusi bölmə salınmışdır. Bölmədə gənclərin, müəyyən edilmiş kvotaya əsasən, müəssisə və təşkilatlarda işlə təmin olunmasına dövlət nəzarətinin gücləndirilməsi qeyd olunur. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərimizin cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynayır.

Rəhman müəllim qeyd etdi ki, rayon komitəsinin sıralarında 1725 nəfər ittifaq üzvü vardır. Onlardan 369 nəfəri gənclərdir. Rayon Komitəsinin tərkibində Gənclərlə iş üzrə komissiya fəaliyyət göstərir. Komissiya “Gənclərin həmkarlar ittifaqı təşkilatında rolu”, “Mənim hüququm və vəzifələrim” və digər mövzularda seminarlar təşkil edir. Bağlanmış kollektiv ərazi müqavilələrində gənclərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyan öhdəliklər yer almışdır. Bu öhdəliklərin yerinə yetirilməsi daima nəzarətdə saxlanılır.

Tədbirdə Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aytən Səfərova, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov çıxış edərək gəncləri təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.

Tədbirin sonunda bir qrup istedadlı gəncə Rayon Komitəsinin mükafatları təqdim olundu.