“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub


Baxıldı : 99

Tarix : 2018-02-16 21:53:32


Fevralın 14-də “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub.

Müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbirdə Təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb.

Bildirib ki, builki yarışmaya 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib. Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, onlardan 260-ı 150 elmi layihə ilə müsabiqəyə qatılıb.

Mərasimdə çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bu müsabiqəni gələcəkdə Azərbaycan elminin ağırlığını çiynində daşıyacaq alimlər ordusunun yaranmasına qiymətli töhfə adlandırıb. O, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün sahə həmkarlar ittifaqının, təşkilat komitəsinin üzvü kimi, gördüyü işlərdən də danışıb. Çıxışının sonunda əmin olduğunu bildirib ki, müsabiqədə ən bilikli şagirdlər qalib gələcəkdir. Onlar ölkəmizi Amerikada təşkil olunan sərgidə ləyaqətlə təmsil edəcəklər.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.