“SABAH”ın məzunu-2018” mərasimi keçirilib


Baxıldı : 67

Tarix : 2018-07-06 23:44:52


İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində “Mən “SABAHAM” mövzusunda sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAH”ın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Çıxışlardan sonra təhsil aldıqları müddətdə ən yüksək akademik göstəricilər əldə edən “SABAH” məzunlarına sertifikatlar təqdim olunub, həmçinin rəmzi “SABAH” açarı üçüncü kurs tələbələrinə verilib.

Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə yeddi dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda 12 ali təhsil müəssisəsində fəaliyyət göstərən “SABAH” qrupları 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. Cari tədris ilində isə 842 “SABAH” məzunu təhsilini başa vurub.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev də iştirak edib.

Gənclər peşə hazırlığına cəlb edilib

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1587 nəfəri əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb edib. Onlardan 1501 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Kurslarda modul tədris proqramlarından istifadə olunmaqla dülgər-xarrat, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, bərbər, xalçaçı, ofisiant, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib.

İlin birinci yarısında 86 gənc nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb olunması, tətbiqi sənətlə məşğul olanların əl işlərindən ibarət sərgilərin təşkili və s. işləri də aparılır.

Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-iyun aylarında keçirilən peşəyönümü tədbirlərə əksəriyyəti yuxarı sinif şagirdləri olan 69,2 min nəfər gənc cəlb edib. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib.