Sabitliyin möhkəmlənməsi təmin ediləcək


Baxıldı : 233

Tarix : 2016-07-22 01:07:00


Məlum olduğu kimi, dövlət başçısının müvafiq fərmanına əsasən, iqtisadi sahədə yeni qurum - Maliyyə Sabitliyi Şurası yaradılıb. Şura makroiqtisadi sabitliyi daha da möhkəmləndirmək və maliyyə dayanıqlılığını təmin etmək, bu sahədə koordinasiya olunmuş siyasəti həyata keçirmək, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olmaq məqsədi daşıyır. Qurumun tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, dünya təcrübəsində maliyyə sabitliyi şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb. Qardaş Türkiyədə Maliyyə Sabitliyi Şurası 2011-ci ildə yaradılıb və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edib. Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir. Azərbaycanda da Maliyyə Sabitliyi Şurası, uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsində mühüm rol oynayacaq. ELBRUS