Şagird sıxlığı onu aradan qaldırmaq üçün hansı addımlar atılır


Baxıldı : 60

Tarix : 2018-09-29 02:35:58


Son illərdə paytaxtda çox sayda yeni məktəb və əlavə tədris korpusları tikilsə də, şagird sıxlığını tam aradan qaldırmaq mümkün olmayıb. Bu vəziyyətə ibtidai siniflərdə daha çox rast gəlinir. Bəzi məktəblərdə bir sinifdə hətta 45-47 şagird təhsil alır.

 

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla, təşkil edilməlidir.

İbtidai sinif müəllimləri də sinifdə şagirdlərin say çoxluğunun dərsin keyfiyyətinə xələl gətirdiyini bildirir. Təbii ki, müəllim dərs saatı ərzində 40-45 şagirdin hər birinə lazımi qədər vaxt ayıra bilmir. Valideyn isə məcbur olur ki, övladını əlavə repititor yanına və ya kursa yazdırsın. Bu da valideyn üçün əlavə xərcə, gününün yarısını məktəbdə keçirmiş azyaşlı şagirdin  isə yorğunluğuna səbəb olur.

Bəs, şagirdlərin sıxlığı ilə bağlı problem həllini necə tapa bilər? Bu vəziyyətin  aradan qaldırılması istiqamətində hansı tədbirlər görülməlidir?  Ümumiyyətlə, bu məsələnin həlli mümkündürmü?

Suallarımızı cavablandıran təhsil üzrə ekspert Kamran Əsədov dedi ki, bu sıxlıq əsasən şəhər məktəblərində ibtidai siniflərdə müşahidə olunur. Birinci səbəb həmin məktəblərə qəbulun mikro-ərazi prinsipi əsasında aparılmamasıdır. Hər kəs çalışır ki, uşaqlarını ya işə gedərkən yolüstü məktəbə, ya da ad çıxaran, nüfuzlu hesab edilən məktəbə qoysun. Təbiidir ki, bir sinifdə 35-40 şagirdin olması yaxşı hal deyil və bu, təhsilin keyfiyyətinin aşağı düşməsinə zəmin yaradır. Çünki ibtidai təhsil təməl pilləsidir və şagirdlərin bu siniflərdə öyrəndikləri onların gələcəyi üçün mühüm bazadır. 

Ekspert şagird sıxlığı qeydə alınan məktəblərdə ibtidai siniflərin sayının artırılmasının və Təhsil Nazirliyi tərəfindən  vakant müəllim qəbulunun həyata keçirilməsinin vacib olduğunu söylədi: “Burada həmçinin mikro-ərazi prinsipi əsas götürülməlidir. Yəni ilk növbədə məktəbin yaxın ərazisində yerləşən, orada qeydiyyatda olan valideynlərin uşaqları qəbul edilməlidir. Daha sonra hesab edirəm ki, şagird sıxlığı yaranan məktəblərin kənarında  modul tipli məktəblər tikilməklə də bu sıxlığı aradan qaldırmaq olar”.

Vətəndaşların Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov məktəblərdə yaranmış şagird sıxlığına yalançı urbanizasiyanın səbəb olduğunu söylədi: “Bakıda əhalinin kütləvi artımı işğal olunmuş ərazilərdən gələn məcburi köçkünlərlə,  daha sonra isə işsizlik nəticəsində rayonlardan gələn insanlarla başladı. Bu isə bir çox problemlərin, o cümlədən məktəblərdə sıxlığın yaranmasına təsir göstərdi”.

S.Məmmədov qeyd etdi ki, bu problemlərin həlli ilə yanaşı, məktəblərdə süni şagird sıxlığının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Ən əsası şagirdlərin bərabər bölünməsi prinsipi reallaşdırılmalıdır. Çünki 40-45 şagirdli siniflərlə yanaşı, elə məktəblər də var ki, orada şagirdlərin sayı normadan aşağıdır.

 Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının azaldılmasına zəmin yaradır.

Eləcə də birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir. Ümumilikdə, Bakı şəhərində süni şagird sıxlığının qarşısının alınması məqsədilə təxminən 10-15 faiz məktəblərdə mikro-ərazi prinsipi tətbiq edilir. Daimi qeydiyyatı olmayan valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, müvəqqəti və ya qeydiyyatsız yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Əsli ƏHMƏDOVA