Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub


Baxıldı : 109

Tarix : 2018-05-12 03:58:06


Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub.

Festival Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rektorları, Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin və 20-dək ölkənin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi müddətdə ölkəmizdə, bütün sahələrdə olduğu kimi, incəsənət, mədəniyyət, təhsildə yüksək inkişaf əldə edilib. Hələ o dövrdə dahi lider keçmiş SSRİ-nin ən aparıcı universitetlərinə oxumağa ölkəmizdən yüzlərlə tələbə göndərib. Bu gün o tələbələr müstəqil ölkəmizdə müxtəlif sahələrdə çalışır və Azərbaycanın inkişafına öz töhfələrini verirlər.

AHİK sədri vurğulayıb ki, ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra əsas diqqət yetirdiyi sahələrdən biri gənclərlə bağlı olub. Məhz onun iradəsi nəticəsində gənclər siyasəti ilə bağlı mühüm qanunlar qəbul olunub.

Səttar Möhbalıyev TİAHİ-nin təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib. Bildirib ki, festivalda əsas məqsəd tələbələri milli vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək göstərmək və bədii-estetik səviyyəsini yüksəltməkdir. Bu baxımdan tələbə həmkarlar təşkilatı vasitəsilə universitetlərdə idman, intellektual yarışları, olimpiadalar keçirilir. Həmçinin ali məktəblərin də bu festivalın keçirilməsində rolu yüksək qiymətləndirilir. Müsabiqədə iştirak etmək istəyən təhsil ocaqlarının sayı artmaqdadır. Bu il festivalda ali hərbi məktəblər də yaxından iştirak edib.

Millət vəkili qeyd edib ki, seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılır.

Səttar Möhbalıyev münsiflər heyətinə təşəkkürünü bildirirək, ölkəmizdə səfərdə olan Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin nümayəndələrini və qonaqları TİAHİ tərəfindən görülən işlərin biri ilə - tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konsertini izləməyə dəvət edib.

Sonra çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Əsas məqsəd tələbələrin müəyyən istedadının aşkar edilərək onların hərtərəfli inkişafına şərait yaradılması və beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etmələridir.

Nazir müavini bildirib ki, bu il ilk dəfə olaraq müsabiqədə respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələri iştirak edib. Festivalın I mərhələsində müvəffəqiyyətlə iştirak etmiş kollektiv və solo ifaçılar növbəti respublika mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər.

Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb.

Tədbir incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilərin ifaları ilə davam edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir.

Bu il festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin tələbələri iştirak edib.

Azər MUSTAFAYEV