Şagirdlər sağlam qidalarla təmin olunmalıdır


Baxıldı : 168

Tarix : 2017-04-14 22:54:20


Məktəblərdə vacib olan məsələlərdən biri bufetlərdə satılan qidaların uşaqların sağlamlığı baxımından nə qədər keyfiyyətli olmasıdır.  Bu mövzuya aydınlıq gətirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azad İstehlakçılar Birliyi ilə əlaqə saxladıq.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov dedi ki, məktəb bufetlərində ərzaqlarla təminat məsələsi sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir: "Hər tədris ili başlayan zaman biz məktəb bufetlərindəki qidalar ilə bağlı reydlər aparmışıq. Reydlər zamanı oradakı qidaların keyfiyyətini və təhlükəsizliyini araşdırıb lazımi tədbirlər görmüşük. Lakin 2015-ci ilin noyabr ayından etibarən ölkə Prezidentinin Fərmanı ilə yoxlamalar dayandırıldığından biz həmin bufetlərdə heç bir araşdırma işi aparmamışıq".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, hazırda bu məsələ çox ciddi problem olaraq qalmaqdadır: "2015-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərinin standartını yaratdı və sevindirici haldır ki, tərkibində mənşəyi bilinməyən bir çox qida növləri-suxarilər, çipsilər, sərinləşdirici içkilər, vaxtı keçmiş məhsullar, o cümlədən kolbasa, sosiska və sairə bu kimi insan sağlamlığına zərər verən qidaların satışı məktəb bufetlərində qadağan olundu. Lakin buna baxmayaraq, hazırda heç bir yoxlama monitorinqinin aparılmadığı şəraitdə bu gün məktəb bufetlərində acınacaqlı hal yaranıb. İstehlakçılardan bizə gələn məlumatlara əsaslanaraq deyə bilərəm ki, valideynlər və müəllimlər bufetlərdə şagirdlərin keyfiyyətsiz məhsulla təmin edilməsinə və antisanitariyaya  görə narahatlıq keçirirlər.

Bu problemi az da olsa aradan qaldırmaq üçün biz təklif etmişik ki, məktəblərdə dəhlizlərə avtomatik meyvəsatan aparatlar qoyulsun ki, şagirdlər zərərli qidalar əvəzinə meyvə ilə qidalansınlar. Ancaq, təəssüf ki, bu da həyata keçirilmir".

E.Hüseynov qeyd etdi ki, hər bir ərzaq malı satışa çıxarılmamışdan əvvəl mütləq sınaqdan keçirilməlidir, xüsusən də uşaqlar üçün istehsal olunan qidalar: "Uşaqları sağlam qidalarla təmin etmək üçün yaxşı olardı ki, məktəblərdə müəyyən qruplar yaradılsın. Bəzi rayonlarımızda məktəblərdə gənc istehlakçı klubu yaratmışıq, məktəb bufetlərinə şagird və müəllimlər özləri nəzarət edirlər. Hesab edirəm ki, bu, bütün məktəblərdə olmalıdır, istehlakçı özü vəziyyətə nəzarət etməlidir".

Sonda AİB sədri onu da dedi ki, 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlayacağı nəzərdə tutulur: "Azad İstehlakçılar Birliyi olaraq biz də orada təmsil olunacağıq.  Bu zaman məktəb bufetləri, uşaq bağçaları üçün qidanın təhlükəsizliyinə xüsusi nəzarət olunacaq".

 

Aliyə SƏMƏDOVA