Şagirdləri yeni qaydalarla təşkil olunan tədris ili gözləyir


Baxıldı : 636

Tarix : 2020-09-04 14:55:57


Pandemiya şəraitinə uyğun olaraq yeni tədris ilinə hazırlıq prosesi, təhsil müəssisələrində dərslərin təşkili qaydaları barədə suallarımızı cavablandıran Təhsil Xidmətləri Araşdırma Mərkəzinin direktoru Kamran Əsədov dedi ki, şagirdləri tamamilə yeni qaydalarla təşkil olunan tədris ili gözləyir: “ Sentyabrın 15-dən ibtidai siniflər, ənənəvi qaydada, həftədə 2-3 dəfə olmaqla,  yuxarı sinif şagirdləri isə həmin tarixdən  onlayn tədrisə başlayacaqlar. Növbəti aydan etibarən isə, kütləvi yoluxmalar olmazsa, mərhələli şəkildə yuxarı sinif şagirdləri üçün də ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sinifdə 20-dən artıq şagird varsa, onlar iki hissəyə bölünəcək və həftənin tək günləri bir qrup, cüt günlər isə digər qrup dərslərdə ənənəvi formada iştirak edəcək. Dərslərin başlama saatları da fərqli olacaq. Həmçinin akademik bilik tələb edən, texniki və təbiət  fənləri siniflərdə və auditoriyalarda,  digər humanitar fənlər isə onlayn qaydada keçiriləcək”.

-Uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərlə razılaşma olacaq ki, onların nəzarəti ilə şagirdlər teledərslərə baxsınlar və “virtual dərslər”də iştirak etsinlər. Bu şagirdlərin keçirilmiş mövzuları nə dərəcədə mənimsəmələri necə yoxlanılacaq?

-Hər ayın sonunda və ya iki həftədən bir şagirdlər summativlərə cəlb olunacaq. Yoxlamalar onlayn formatda Təhsil Nazirliyinə məxsus portalda təşkil olunacaq. Hər bir şagird şəxsi kabinetinə daxil olmaqla, keçirilmiş mövzularla bağlı müəyyən test tapşırıqları həll edəcəklər. Bu testlərin nəticələrinə müvafiq qiymətləndirmə həyata keçiriləcək. Təbii ki, Təhsil Nazirliyi və hökumət maksimum dərəcədə  çalışacaq ki, şagirdlər təhsildən geri qalmasın. Burada ən əsas valideynlərin üzərinə böyük məsuliyyət düşür. Çünki indiyə kimi şagirdlər onlayn və teledərslərdə könüllü iştirak edirdilərsə, indi elə bir mexanizm hazırlanacaq ki, onların dərslərdə iştirakı məcburi xarakter daşıyacaq.

K.Əsədov bildirdi ki, dərslərin həftədə 2, 3 dəfə və ya onlayn keçirilməsinin müəllimlərin əməkhaqqına birmənalı şəkildə təsiri olmayacaq. Risk qrupunda olan müəllimlərin əvəz edilməsi prosesi Əmək Məcəlləsinə əsasən,  əvəzçiliklə (müvəqqəti əvəzetmə) qaydasına  uyğun olaraq tənzimlənəcək. 60 yaşından yuxarı müəllimlər əsasən onlayn dərslərə cəlb ediləcək.

 “Onlayn dərslər üçün texniki vəsaitləri çatışmayan müəllim və şagirdlərə texniki dəstək gözlənilirmi” sualıma isə həmsöhbətim,  təəssüf ki, “yox” cavabı verdi.  Amma onu da dedi ki, ən azından aztəminatlı ailələr üçün texniki vasitələrin verilməsi yaxşı olardı. Hesab edirəm ki, bununla yanaşı,  şagird və müəllim heyəti üçün internetin əlçatanlığının təmin edilməsi məqsədilə  hansısa güzəştlər tətbiq edilməlidir.

Əsli ƏHMƏDOVA