Sağlam daxili mühitin yaradılmasında həmkarlar ittifaqlarının rolu


Baxıldı : 38

Tarix : 2019-09-27 17:48:34


Sentyabrın 16-17-də Rumıniya Respublikasının paytaxtı Buxarest şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilmişdir.

“Təhsildə həmkarlar ittifaqları müəllimlik peşəsində gender bərabərliyini sosial dialoq vasitəsilə həll edir” mövzusuna həsr olunmuş konfransda təhsildə gender stereotiplərinin, seqreqasiyanın aradan qaldırılması, zorakılıq, təhsil müəssisələrində lider qadınların formalaşması, təhsil müəssisələrində sağlam daxili mühitin yaradılmasında həmkarlar ittifaqlarının rolu, həmkarlar itttifaqlarının gücləndirilməsində qadınların rolu və gender bərabərliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilmişdir.

Konfrans qrup sessiyaları ilə öz işini davam etdirmişdir. Sessiyalarda Beynəlxalq Təhsil Birliyi ilə üzv təşkilatların gender komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, müasir dünyada qadınların statusunun tədqiqi, təhsildə qızların və qadınların hüquqlarının artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, Beynəlxalq Təhsil Birliyinə üzv təşkilatlarda son illərdə bu sahədə görülən tədbirlər, onların adekvat nəticələri və bu sahədə mövcud problemlər barədə çıxışlar dinlənilmişdir.

Konfrans üzv təşkilatların nümayəndələrinin bir araya gətirilməsi, ən yaxşı təcrübələrin bölüşdürülməsi baxımından da faydalı olmuşdur. Beynəlxalq Təhsil Birliyinə üzv olan təşkilatlardan gender məsələləri və qadın komitələri üzrə məsul şəxsləri, lider qadınları, Beynəlxalq Təhsil Birliyinin regional qadın şəbəkələri üzvlərini bir araya gətirməkdən ibarət olmuşdur.

Tədbirdə Rumıniya Respublikasının Təhsil naziri Yekatirini Andronescu, Gender Məsələləri üzrə Dövlət Agentliyinin rəhbəri Auerelia Dragiki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristina Blover, Beynəlxalq Təhsil Birliyinin Avropa Regionu üzrə direktoru Susan Floken, Avropa Fondunun Gender Araşdırmalar Mərkəzinin rəhbəri Kabrita Corc, Avropa Komissiyasının Gender Bərabərliyi üzrə mütəxəssisləri, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı yanında Bərabərlik Komitəsinin üzvləri, ekspertlər, digər fəxri qonaqlar və  o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının nümayəndə heyəti iştirak etmişlər.

Nümayəndə heyətinin başçısı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə tədbir çərçivəsində TİAHİK-in prezidenti Kristina Blover və BTB-nin Avropa Regionu üzrə direktoru Susan Floken ilə görüşmüşdür. Hər iki həmsöhbətinə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırmışdır.

Hər iki lider Azərbaycana gəlmək, təşkilatlar arasında əlaqələrin daha da genişləndirilməsi perspektivlərini nəzərdən keçirmək niyyətində olduqlarını bildirmişdir.