Sağlam əmək şəraiti ilə təminat vacib məsələlərdəndir


Baxıldı : 134

Tarix : 2018-04-14 00:39:03


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Səbail Rayon Mərkəzi Kitabxana Sistemində (SRMKS) keçirdiyi seminarda çıxış edən AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin müdir müavini Əli Mədətov bildirdi ki, Beynəlxalq Əmək Təşkilatı ilin devizi kimi “Əməyin mühafizəsi: xüsusi həssas təbəqə - gənc işçilər” çağırışını irəli sürüb. Bu çağırışa qoşulanlar sırasında Azərbaycan həmkarlar ittifaqları da var. Ölkəmiz üçün gənclərin məşğulluğu, sağlam əmək şəraiti ilə təminatı olduqca vacib məsələlərdəndir. Statistik məlumatlara görə, Azərbaycanda gənclər məşğul əhalinin 24,4 faizini təşkil edir. Deməli, iqtisadi, sosial, mədəni sferalarda çalışanların təxminən 1/3-i gənc oğlan və qızlardan ibarətdir. Bu faktın özü təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur.

“Təşkilat bu məsuliyyətin öhdəsindən necə gəlir?” sualına aydınlıq gətirən Ə.Mədətov bildirdi ki, AHİK gənclər siyasətini Qurultay, Məclis və İcraiyyə Komitəsinin iclaslarında təsdiq olunmuş qərarlara və digər sənədlərə istinadən həyata keçirir. Məlumat üçün deyim ki, AHİK-in gənc üzvlərinin sayı 350 min nəfərdir. AHİK gənclərlə əlaqədar bir çox tədbirlər işləyib hazırlayır. Bu tədbirlərin də birbaşa icraçısı AHİK-in və sahə Hİ respublika komitələrinin nəzdində yaradılan gənclər şuralarıdır. Tədbirlər əsasən gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək miqrasiyası, gender bərabərliyi və sair məsələlərdən ibarətdir. Həmçinin gənclərin həmkarlar ittifaqının rəhbər orqanlarında təmsil olunmaları, müəssisə və təşkilatlarda bağlanan saziş və kollektiv müqavilələrdə gənc işçilərin problemlərinin həlli istiqamətində işlərin görülməsi bizim üçün başlıca vəzifələrdən birinə çevrilmişdir.

Natiq bütün bunlarla yanaşı təəssüflə demişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin nəticəsində zədələnən və həyatını itirən gənclərimiz də az deyildir.

Belə ki, statistika komitəsinin verdiyi məlumata görə, 2016-cı ildə istehsalatda baş vermiş bədbəxt hadisələr üzrə zədə alan işçilərin sayı 92 nəfər olub. Bunların 40 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Həmkarlar ittifaqlarının xidmətində olan müəssisə, təşkilatlarda isə 2016-cı ildə 49 istehsalat zədəsi qeydə alınmışdır. Zədə alanların 7 nəfəri 18-29 yaş arası gənc, 42 nəfəri gənclik yaşını keçmiş işçilərdir.

Bütün bu hadisələr həmkarlar ittifaqı olaraq bizi narahat etməyə bilməz. Bu cür hadisələrin qarşısının alınması üçün istər AHİK tərəfindən, istərsə də sahə Hİ respublika komitələri tərəfindən müxtəlif tədbirlər görülür və görüləcək.

MİHİ Respublika Komitəsinin əməyin texniki müfəttişi Çingiz İbrahimov, beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, gənclər şurasının sədri Zaur Həmidov çıxış edərək sahə idarə və müəssisələrində çalışan gənc işçilər üçün yaradılan iş şəraitindən, onların əməklərinin təhlükəsizliyi istiqamətində görülən işlərdən danışdılar. Həmçinin bu sahədə mövcud problemlərə də toxundular.

Sonda tədbir iştirakçılarına AHİK-in hazırladığı anket-sorğular paylandı.

Tədbirdə SRMKS-nin direktoru N.Ələkbərova, direktor müavini R.Əliyeva və HİK sədri A.Həşimova iştirak edirdilər.

Bəyalı RZAYEV