Sağlam gələcək naminə


Baxıldı : 398

Tarix : 2020-06-12 05:50:49


Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda narkomanlıq və narkotik maddələrin qanunsuz dövriyyəsi çox sürətlə inkişaf etməyə başladı. Məlum olduğu kimi, narkotik maddələr ölkəmizdə istehsal olunmur, digər dövlətlərin ərazisindən ayrı-ayrı cinayətkarlar, narkotik alverçiləri bundan qazanc əldə etmək üçün ölkəmizə gətirirlər. Buna görə də 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyev narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək haqqında fərman imzaladı. Bu fərmanla hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların vəzifələri müəyyənləşdirildi. Ümummilli lider Heydər Əliyevin qeyd olunan fərmanı ilə ölkədə yeni strategiya müəyyən olundu. Milli proqramların qəbul edilməsi, BMT-nin bu sahədə qəbul etdiyi konvensiyalarına qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya birliyinə inteqrasiya proseslərində regional və beynəlxalq layihələrdə iştirak Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir.

Narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Ən qorxulusu da odur ki, narkotik vasitələrdən daha çox gənclər istifadə edirlər. Hətta məktəblilər və ali məktəb tələbələri arasında da narkomanlıq kök salıb. Səbəb isə ailədə, cəmiyyətdə belələrinin tərbiyəsinin düzgün verilməməsidir. Gənclərin narkomanlığa qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına və sağlamlıqlarının zərbə altında qalmasına gətirib çıxarır. Bu problemlərlə mübarizənin bir yolu da gənclər arasında sağlam həyat tərzini yüksəltmək üçün maarifləndirmə işini gücləndirməkdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının narkomanlıq və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə, habelə ümumbəşəri problemlərə qarşı əldə olunmuş müsbət nəticələrdə öz töhfəsi və yeri var. AHİK-in İcraiyyə Komitəsində Dövlət Proqramından irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Tədbirlər Planı qəbul edilib. Məqsəd ölkədə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün araşdırmaların aparılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasına yardım edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı məsələlərdir.

Bu sənədə əsasən, yerlərdə, bütün səviyyəli həmkarlar ittifaqı təşkilatları tərəfindən səlahiyyətləri çərçivəsində işləyən və təhsil alan gənclər arasında problemə dair qabaqlayıcı profilaktik tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, iş yerlərində əmək intizamının təşkilinə və antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, söhbətlər, seminarlar) diqqət artırılır, gənclərin ictimai həyata, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işləri davam etdirilir. İş yerlərində narkomaniya ilə mübarizədə həmkarlar ittifaqlarının əmək və hüquq müfəttişləri, etimadlı həkimlər, müxtəlif komissiya fəalları iştirak edirlər. Müvafiq tədqiqatlar aparılır, məlumatlar toplanılır, buklet, yaddaş kitabçaları, analitik materiallar hazırlanır və yayılır. Müraciət edən hər kəsə izahatlar verilir, yardımlar göstərilir.

Müxtəlif qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsinə, gənclərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkilinə diqqət artırılmışıdr. 2019-cu ilin sentyabr ayının 9-da “Bulvar Otel”də “DOST kuboku” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirdə müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatların nümayəndələri, həmçinin pensiyaçıları və əlilliyi olan şəxslərdən ibarət 50-yə yaxın komanda iştirak etmişdir. AHİK-in gənclər komandası qalib olaraq 2-ci mükafatı qazanmışdır.

Gənclərin hərbi - vətənpərvərlik tərbiyəsində də həmkarlar ittifaqı təşkilatlarının rolu artmaqdadır. Hərbi hissə və hospitallarda, hərbi təhsil müəssisələrində, o cümlədən C.Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətə mədəni-hamilik işinə kömək çərçivəsində bədii-qiraət, rəsm müsabiqələri, hərbiləşdirilmiş idman yarışlarının təşkili ənənəyə çevrilmişdir. Bütün tədbirlər mövcud informasiya mənbələri, o cümlədən internet şəbəkəsi vasitəsilə işıqlandırılır.

AHİK və sahə həmkarlar ittifaqı orqanlarının təşkilatçılığı ilə sosial tərəfdaşlar və işəgötürənlərlə bağlanan Baş Kollektiv Saziş və kollektiv müqavilələrdə ölkədə narkomanlığın qarşısının alınmasına, uşaq əməyinin həddən ziyadə pis formalarının kökünün kəsilməsinə, gənclərin məşğulluğunun artırılmasına, layiqli iş yerlərinin yaradılmasına dair qabaqlayıcı tədbirlər əks olunub və icra edilir.

Azərbaycan həmkarlar ittifaqları tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat hər il Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim edilir, antinarkotik təbliğatın gücləndirilməsində həmkarlar ittifaqlarının rolunu əks etdirən məqalələr “Ülfət”, “İki sahil” və d. qəzetlərdə cap olunur.

 

Afaq YUSİFOVA,

AHİK -in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat

     şöbəsinin mütəxəssisi