"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb


Baxıldı : 312

Tarix : 2017-04-29 00:52:59


Aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında 28         Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

   28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş "Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması: Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi" devizinə həsr edilmiş tədbir istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev giriş sözü ilə çıxış edib. Məlumat verib ki, Ümumdünya Əməyin Mühafizəsi Günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini yad etmək üçün anım mərasimi kimi keçirilib. Azad Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü elan ediblər. Azərbaycanda bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur.

BƏT-in məlumatına görə, dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstəliklər nəticəsində 5 mindən çox insan həlak olur. Hər il istehsalatda 2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300 min nəfəri istehsalat xəsarəti nəticəsində, 1,7-2,0 milyon nəfəri isə müxtəlif xəstəliklərdən ölürlər.

Biz, həmkarlar ittifaqları olaraq yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik.

Keçirilən bütün bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi və işçilərin zədələnmə və ölüm göstəricilərinə təsir edibdir. 2017-ci ilin birinci rübünün nəticələrinə görə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz (7 nəfərə qarşı 2 nəfər) azalıbdır.

S.Möhbalıyev həmçinin tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib. 2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi  (təşkilatı)" adı uğrunda müsabiqə keçirilir.

Çıxışının sonunda AHİK sədri "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb (AHİK sədrinin çıxışının tam mətni qəzetimizin 3-cü səhifəsində dərc olunub).

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev BƏT-in təşəbbüsü ilə 2002-ci ildən etibarən 28 Aprelin Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edildiyini, əsas məqsədin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması olduğunu vurğulayıb: "Hər il müxtəlif devizlər altında bu gün qeyd edilir. Bu ildə   "Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması: Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi" devizi altında keçirilir.   BƏT tərəfindən bu mövzunun müəyyən olunması da təsadüfi deyil, çünki iş yerlərində peşə risklərinin qiymətləndirilməsində, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının qarşısının alınmasında əməyin mühafizəsinə dair məlumatların toplanması xüsusi önəm kəsb edir. İstehsalatda bədbəxt hadisələr zamanı insan öz dünyasını dəyişirsə, bu, artıq yeni dəyər yarada bilmir. Həm müəssisəyə, həm iqtisadiyyata, həm də cəmiyyətimizə böyük ziyan gəlir".

Nazir müavini Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar bu ay sosial tərəfdaşlarla birgə əməyin mühafizəsi məsələləri ilə bağlı keçirilən tədbirlər, habelə ötən dövrdə əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında aparılan maarifləndirmə işləri barədə də məlumat verib.

Tədbirdə həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış etdilər.

Sonda 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat, sex və sahə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olundu (mükafatlar təqdim olunan təşkilatların siyahısı ilə qəzetimizin 7-ci səhifəsində tanış ola bilərsiniz).

Azər MUSTAFAYEV