“Sağlamlıq - 2018” Respublika Spartakiadası başa çatıb


Baxıldı : 75

Tarix : 2019-02-18 05:44:53


 “Sağlamlıq - 2018” Respublika Spartakiadası çərçivəsində voleybol və stolüstü tennis yarışları keçirilib.

Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində keçirilən voleybol yarışında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Dövlət Dəniz Agentliyi, “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Məlumat Hesablama Mərkəzi, Dövlət Radiotezliklər İdarəsi, “Teleradio” İstehsalat Birliyi və “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin komandaları iştirak ediblər.

“Aztelekom” MMC-nin komandası yarışı ilk pillədə başa vurub. II yerə Dövlət Radiotezliklər İdarəsinin komandası, III yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası layiq görülüb.

Stolüstü tennis yarışları  Şüa İdman Sağlamlıq Kompleksində baş tutub. Mükafatlar uğrunda 8 komanda mübarizə aparıb. Bu yarışın qalibi Dövlət Avtomobil Nəqliyyatı Xidməti olub. Sonrakı yerləri müvafiq olaraq Dövlət Radiotezliklər İdarəsi və Məlumat Hesablama Mərkəzi tutub.

Stolüstü tennis üzrə şəxsi yarışlarda kişilər arasında birinci yerə Emin Əliyev (Dövlət Avtomobil Nəqliyyatı Xidməti) yiyələnib. İlqar Əkbərov (Məlumat Hesablama Mərkəzi) ikinci, Taleh Məmmədov (Dövlət Radiotezliklər İdarəsi) isə üçüncü sırada yer alıb.

Qadınlar arasında şəxsi yarışda Şəfəq Nəcəfova (“Azərpoçt” MMC) bütün rəqiblərindən üstün olub. Nəzrin Əlizadə (Məlumat Hesablama Mərkəzi) ikinci pillədə mövqe tutub, Esmiralda Sadıxova (“Aztelekom” MMC) isə üçüncü yerdə qərarlaşıb.

Bununla da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq - 2018” Respublika Spartakiadası başa çatıb.

Yarışın yekun nəticəsinə görə ümumkomanda hesabında “Bakı Telefon Rabitəsi” MMC birinci yerə layiq görülüb. İkinci pillənin sahibi “Aztelekom” MMC olub. Üçüncü yeri isə Dövlət Radiotezliklər İdarəsi qazanıb.