”Sağlamlıq-2018” Respublika Spartakiadası keçirilir


Baxıldı : 62

Tarix : 2018-12-22 06:29:27


 

Dekabrın 21-də Bakı İdman Sarayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlamlıq - 2018” Respublika Spartakiadasına start verilib. Spartakiada Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 137 illiyinə həsr olunub. 

 Artıq 23-cü dəfə keçirilən spartakiadada səkkiz idman növü üzrə (güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarının 11 komandası yarışacaq.         

 Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, rabitə müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər ölkəmizin son illər idman sahəsində ciddi uğurlara imza atdığını qeyd edərək, bu cür spartakiadaların ümumi inkişafa önəmli töhfələr verdiyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıblar.