“Şahdağ”da dincəlmək ayrıca bir ləzzətdir


Baxıldı : 106

Tarix : 2019-08-09 17:51:01


“Ötən beş ildə, ənənəmizə sadiq qalaraq, üzvlərimizin istirahəti və sağlamlıqlarının bərpasını da diqqət mərkəzində saxlamışıq.

Konfederasiya “Azərbaycan Respublikasında Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə tabeliyində fəaliyyət göstərən sanatoriya-kurortlarda, istirahət evlərində əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparmış, onların yeni qurğu və avadanlıqlarla təmin olunmasını həyata keçirmişdir”

AHİK-in V qurultayına hesabat məruzəsindən

Dost, həmsöhbət kimi istirahət məkanlarını da insanlar hansısa xüsusiyyətlərinə görə seçirlər.

Hər kəs o yerə üstünlük verir ki, orada xasiyyətinə, xarakterinə uyğun əlamətlər görür. Mən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Nabrandakı “Şahdağ” İstirahət Evində bu həqiqətin bir daha şahidi oldum. Əslinə qalsa “Şahdağ” istər şəraiti, istər təchizatı, istərsə də əyləncələrin, mədəni, kütləvi tədbirlərin təşkili baxımından digər turist bazalarından, necə deyərlər, nə çox irəlidə, nə də geridədir. Bəs yüzlərlə insanı yay mövsümünü məhz bu istirahət məkanında keçirməyə sövq edən nədir?

Bu sualla kottecin qarşısında uca bir qollu-budaqlı ağacın altında quraşdırılmış, üstündə meyvə və çay dəstgahı düzülmüş stolun arxasında əyləşib söhbətləşən turistlərə müraciət etdim. Svetlana xanım Orucova və Nigar xanım Mikayılova sualımıza cavab verməmişdən əvvəl bizi stol arxasına dəvət etdilər. Evlərində qonaq qəbul edirlərmiş kimi, bir az da əl-ayağa düşdülər. Təkidlə süfrə üstündəki nemətlərdən dadmağımızı xahiş etdilər. Sualımızı isə çox qısa cavablandırdılar: sakitlik, sərbəstlik. “Burada yazılmamış, artıq ənənəyə çevrilmiş nizam-intizam qaydaları var”. Xanımlardan biri dedi: “Mən Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun elmi əməkdaşıyam. Nabrana gəlməkdə məqsədim təkcə fiziki baxımdan deyil, həm də ruhən dincəlməkdir. Bunun üçün də burada hər cür imkan var. Kotteclər elə yerləşdirilib ki, hər turist öz ailəsi ilə, bir-birinə mane olmadan, istədiyi tərzdə dincəlir”. Digər turistlərlə də tanış oldum. İcazə alıb yerləşdikləri otaqlara baxdım. Əsl ev şəraiti idi. Otaqlara yemək, içmək ləvazimatları, elektrik avadanlıqları qoyulmuşdu. İsti-soyuq suyu bir dəqiqə belə əskik olmayan hamam-tualet və sair məndə belə bir qənaət yaratdı ki, bu sağlamlıq ocağının adı təsadüfən istirahət evi qoyulmayıb. Doğrudan da, hər bir turist burada özünü öz evindəki kimi hiss edir. Məhz bu hissin təsirinin nəticəsidir ki, bir qədər əvvəl olduğum kottecin sakinləri məni doğma evlərində olduğu kimi, əsl qonaqpərvərliklə qarşıladılar.

Baxış keçirdiyim kotteclərdə məskunlaşmış turistlərin hamısı, istisnasız olaraq, ancaq xoş sözlər söylədilər, razılıqlarını bildirdilər”. Zarafatla “Heç olmasa yüngülvari giley-güzar etməyə də bir bəhanə yoxdur?”, - deyə soruşdum. Olsa idi elə bu qardaşa deyərdim də. Günü bizimlə birlikdə keçir”, - deyə İstirahət Evinin direktoru Rəhim Hacıyevi göstərdilər. Rəhim müəllim də zarafata zarafatla cavab verdi: “Çalışırıq ki, hər şey yaxşı olsun. Necə deyərlər, kasıbın olanından nə lazımsa edirik”.

Rəhim müəllimin ifadəsi ilə desək, “kasıbın olanından, ötən illərdə olduğu kimi, mövsüm ərəfəsində bu istirahət ocağının təmirinə, abadlığına az pul xərclənməyib. Bütün kotteclərin içi və fasadı yenilənib. 14-cü kottec əsaslı təmir olunub. Ərazinin işıqlandırma sistemi gücləndirilib. Yeməkxanada mətbəx avadanlıqları, elektrik sobaları təzələnib. Yeni yataq dəstləri, mebellər alınıb turistlərin istifadəsinə verilib. Xidmət personalı üçün istirahət, ibadət edənlər üçün isə namaz otaqları tikilib.

Səhər, günorta və axşam yeməklərinin menyusu turistlərin zövqünə uyğun tərtib edilir. Müxtəlif idman növləri ilə məşğul olmaq imkanı verən meydançalar var. Kölgəliklər altında bir neçə stolüstü tennis və bilyard stolları quraşdırılıb.

Yay klubu həftədə 4 dəfə diskoteka həvəskarlarının xidmətində olur. Mən burada olduğum gün Xaçmazdan gəlmiş pəhləvanlar klubda öz məharətlərini göstərirdilər. R.Hacıyev dedi ki, ətraf rayonların incəsənət xadimləri dəvətimizlə vaxtaşırı klubumuzda konsert verirlər. Qubaya, Xaçmaza, Qusara birgünlük turist səfərləri təşkil edirik.

“Şahdağ” haqqında istənilən qədər cəlbedici məqamlardan danışmaq mümkündür. Amma, atalarımız demişkən, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.

Bəyalı RZAYEV