Sahə işçilərinin bilikləri artırılıb


Baxıldı : 88

Tarix : 2017-07-07 22:43:00


İşçilərin sağlamlığının mühafizəsi həmkarlar ittifaqlarının sosial siyasətində həmişə əsas istiqamət hesab edilir. Bu siyasətin uğurla həyata keçirilməsi üçün qanunların, normativ aktların mənimsənilməsi çox vacibdir. Bunu nəzərə alaraq AHİK Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birlikdə müxtəlif mövzularda maarifləndirmə kursları təşkil edir. Akademiyada keçirilmiş növbəti birgünlük kurs əsasən pensiya islahatlarına həsr olunmuşdu.

Seminarın proqramına "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı KONSEPSİYASI", "Azərbaycanda pensiya sığortasının təşkili", "Əmək pensiyaları, nizamnamə və hesablaşma qaydaları", "Pensiya sığortasına ödəmələrdəki problemlər" mövzuları daxil edilmişdi.

Seminarda həmçinin "Azərbaycanda sosial sığorta islahatı. Sosial sığorta üzrə müavinətlər, müavinətlərin növləri, ödənilmə qaydaları. Xəstəlik vərəqləri üzrə hamiləlık, doğuşa və uşağa görə müavinətlərin ödənilməsi qaydaları", "Xəstəliklərin profilaktikası və tibbi xidmət. Müalicə profilaktikası, qidalanma", "Əmək qabiliyyətsizliyi üzrə qanunvericilikdə dəyişikliklər, yeniliklər, əlavələr. Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə" mövzularında da mühazirələr oxundu.

Məlumat üçün deyək ki, aprelin 28-dən iyunun 23-dək 13 seminar keçirilmişdir. Kurslarda 228 nəfər dinləyici iştirak etmişdir.

Qeyd edək ki, seminarlarda mühazirəçi qismində Səhiyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, AHİK-in Sağlamlığın Mühafizəsi və Sosial Təminat üzrə Şöbəsinin məsul işçiləri dəvət olunmuşdular.

 

 

Bəyalı Rzayev