Sahə işçilərinin sosial rifah halının yaxşılaşdırılması diqqət mərkəzindədir


Baxıldı : 71

Tarix : 2019-09-13 18:28:58


Son vaxtlar respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Ölkə başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əməkhaqları 20% artırılmışdır. Tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

 

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə SOCAR arasında imzalanmış sazişdə, eləcə də ilk təşkilatların tərəfdaşları ilə bağladığı kollektiv müqavilələrdə əməkhaqqının, digər ödənişlərin həcminin gəlirlərə müvafiq artırılması daimi tələblər sırasında olub. Bu baxımdan sonuncu artım həmkarlar ittifaqı tərəfindən yüksək dəyərləndirildi. Həmkarlar ittifaqı istehsalat göstəricilərinin daha da yüksəldilməsinə nail olmaqdan ötrü işçilərin təhsili, biliklərinin təkmilləşdirilməsi işini diqqətdə saxlayır. Bu məqsədlə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan ixtisasartırma kurslarında  ilk təşkilat sədrlərinin və həmkarlar ittifaqı fəallarının iştirakı təmin olunur. 

BƏT-in dəstəyi, eləcə də AHİK-in təşkilatçılığı ilə keçirilən bütün seminarlarda RK-nın mütəxəssisləri, ilk təşkilatların sədrləri fəal iştirak edirlər.

Üzv təşkilatlar həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə və üzvlərinin sayının artırılmasına xüsusi önəm verir.

Bu baxımdan işçilərin mənzillə təminatı istiqamətində atılan addımlar xüsusi qeyd olunmalıdır. Mənzil qeydiyyatında olanlar fərdi mənzil tikintisi üçün bütün kommunikasiya xətləri çəkilmiş torpaq sahələri ilə də təmin olunurlar.  Kollektiv müqavilələrdə işçilərinə, birinci növbədə ağır şəraitdə yaşayanlara, müəssisə və təşkilatların vəsaitlərinin cəlb edilməsi, işçilərə ssuda verilməsi, kooperativ binaların tikilməsi əksini tapıb.

Gənc kadrların hazırlanması, yüksək reytinqə malik dünya universitetlərində təhsil alması, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə neftçi ixtisasları üzrə oxuyan tələbələrin stimullaşdırılması və onların SOCAR-da yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzindədir. SOCAR həm daxili, həm də xarici təqaüd proqramları həyata keçirir. İstedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini öz vəsaiti hesabına maliyyələşdirir. İşə qəbul olunduqdan sonra onların mənzillə təmin olunması üçün imkanlar yaradılır. Əməkhaqlarında artımlar olur.

Neft şirkətinin bütün idarə və müəssisələrində yeməkxanalar tam təmir olunub, hər il yenilənir və ən əsası işçilərə gündə üç dəfə olaraq keyfiyyətli qida verilir. Eyni zamanda işçilərin asudə vaxtlarının səmərəli keçirməsi üçün bütün lazımi şərait yaradılıb.

Sahə işçilərinin çətin-səmərəli əməyinin layiqincə dəyərləndirilməsini, sosial rifah halının get-gedə daha da yaxşılaşdırılmasını həmkarlar ittifaqı tərəfdaşı olan SOCAR-la birlikdə özlərinin vəzifə borcu bilirlər. Və bu borcun öhdəsindən məsuliyyətlə gəlməyə səy göstərirlər.

Azər MUSTAFAYEV