“Sahə işçilərinin uğurlarından bizə də pay düşür”


Baxıldı : 298

Tarix : 2018-09-15 02:54:09


“Azərikimya” İstehsalat Birliyinin kollektivi “Neftçilər günü”nü yüksək əmək göstəriciləri və xoş əhvali-ruhiyyə ilə qarşılayır. Bu xoş əhvali-ruhiyyədən sahə həmkarlar ittifaqı təşkilatına da pay düşür. Çünki təşkilatımız ilboyu onların qayğıları ilə yaşamış, əməyinin mühafizəsinin keşiyində durmuş, sosial, məişət problemlərinin həllində köməyini əsirgəməmiş, istirahətlərini təşkil etmişdir. Bütün bunlar da işçilərin istehsalat göstəricilərinin artmasına, son nəticədə rifah hallarının daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir. Missiyamızı yerinə yetirərkən əldə etdiyimiz uğurların təməlində müdiriyyətlə aramızda bağlanan kollektiv müqavilə durur. Bu sənəddə götürülən öhdəliklərin icrasına müştərək yaratdığımız komissiyanın üzvləri nəzarət edir. Ciddi nəzarət öz bəhrəsini verir. Kollektiv müqaviləyə əsasən, mütəmadi olaraq iş yerlərində reydlər keçirilir, izahatlar aparılır, profilaktik tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, son illər əmək və istehsal intizamının, işçilərin sosial hüquqlarının pozulma halları xeyli azalmışdır.

 

Təşkilatımızın üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, əməyinin mühafizəsi, texniki-təhlükəsizlik qaydalarının yerinə yetirilməsi, avadanlıq, mexanizm və qurğuların düzgün istismar edilməsi kimi məsələlər də diqqətdə saxlanılır. Belə ki, zərərli və ağır iş şəraitində işləyənlər tibbi müayinəyə cəlb olunmuş, bütün iş yerləri və işçilərin attestasiyası keçirilmişdir.

İşçilərin idmanla məşğul olmaları üçün təşkilatlarda xüsusi yerlər ayrılmışdır. Burada tennis, dama, şahmat və nərd oyunları həvəskarları asudə vaxtlarında məşğul olurlar. Təşkilatlararası idman yarışları təşkil edilir. Qalib gələnlər pul və qiymətli hədiyyələrlə mükafatlandırılırlar.

Ekologiya, ətraf mühitin mühafizəsi də ən prioritet məsələlərdəndir. Təşkilatlarımız dəfələrlə iməciliklər keçirmiş, 10 minlərlə ağac əkilmişdir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına nəzarət edən işçilərimiz maarifləndirməyə daha çox üstünlük verirlər. İşində fərqlənən işçilər ildə bir neçə dəfə, xüsusən bayram ərəfəsində, Birliyin Fəxri Fərmanı və HİK tərəfindən pulla mükafatlandırılırlar. Bütün görülən işlərin nəticəsidir ki, son 5 ildə kollektivimiz iki dəfə AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsində “İlin ən yaxşı müəssisəsi” adına layiq görülmüşdür. Bununla əlaqədar AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə kollektivimizin minnətdarlığını bildiririk.

Artıq 7 ildir ki, “Mərhəmətli olmağa tələsin” devizi altında Qırmızı Aypara Cəmiyyətinin Sumqayıt Şöbəsi ilə birgə keçirilən tədbir imkansız ailələrin ümid yerinə çevrilmişdir. Hərbi hissələrdə bayram tədbirlərində iştirak etmək ənənə şəklini almışdır.

İşçilərin uşaqlarına Yeni il, “Novruz” şənliklərinə Respublika Komitəsi tərəfindən ayrılmış biletlər verilir. HİK hər il “Novruz”, “Qurban” bayramlarında şəhid ailələrinə, müharibə iştirakçılarına, peşə xəstəliyinə tutulmuş, xəsarət almış və digər kateqoriyalar üzrə güzəşti olan 530 işçiyə bayram payları verir.

Sağlamlıqlarını bərpa etmək üçün müraciət etmiş işçilərə müxtəlif müalicə profilli sanatoriyalara (“Bilgəh”, “Günəşli”, “Abşeron”, “Qaranquş”) yollayışlar verilmişdir. Yeri gəlmişkən deyim ki, təşkilatımıza ayrılan yollayışların sayı məhdud olduğundan şəhid ailələrinin, əmək veteranlarının və kimya sənayesinin inkişafında əməyi olmuş insanların bu barədə müraciətlərinə müsbət cavab verməkdə çətinlik çəkirdik. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin əlavə köməkliyi nəticəsində həmin kateqoriyadan olan insanları da yollayışlarla təmin edə bilmişik.

Yay mövsümündə respublikamızın bir sıra istirahət mərkəzlərinə (Nabrandakı “Elay”, İsmayıllıdakı “Şahbulaq”, Qusardakı “Qusar Göl” istirahət mərkəzlərinə) 2 və 5 günlük yollayışlar verilmişdir. İşçilərin kollektiv istirahətlərinin təşkil olunması məqsədilə həmkarlar ittifaqı komitəsinin mədəni-kütləvi tədbirlər fondundan beş min manat pul ayrılmışdır.

Bir sıra məişət obyektləri yenidən təmir olunmuşdur. Ötən il, “Neftçilər günü” ərəfəsində, “Polimer-120” İstehsalatında məişət evi əsaslı təmir olunaraq işçilərin istifadəsinə verilmişdir. İşçilərin içməli suya olan tələbatlarını ödəmək üçün dispenserlər alınaraq quraşdırılmış, iş yerləri soyuducularla təmin olunmuşlar.

 “Etilen-Polietilen” Zavodunun balansında olan stadionda SOCAR-ın və AFFA-nın köməkliyi ilə yeni 2 təbii örtüklü meydança, 1 süni örtüklü, 2 mini-futbol meydançasının, cüdo idman zalının yenidən qurularaq idmansevərlərin istifadəsinə verilməsi günü çox uzaqda deyil. Bu günlərdə SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev cüdo idman zalı, yeni meydançaların inşa işləri ilə tanış olmuş, görülən işlərdən məmnun qaldığını bildirmiş, öz tövsiyə və tapşırıqlarını vermişdir.

Yeri gəlmişkən deyim ki, SOCAR-ın və “Azərikimya” İB-nin rəhbərliyi ilə sahə həmkarlar ittifaqı sıx əməkdaşlıq şəraitində işləyir. İşçilərin əmək, sosial problemlərinin həllində birgə iştirak edirlər. Bu əməkdaşlığın yaranmasında, davamlı olmasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin qayğısı çox mühüm amildir. Çünki məhz onun təşəbbüsü və təklifi ilə həmkarlar ittifaqının fəaliyyətinə diqqətlə yanaşan, hüquq və maraqlarına hörmət göstərən tərəfdaşlar konfederasiya tərəfindən mükafatlarla stimullaşdırılır. Biz həmişə AHİK-in köməyini öz üzərimizdə hiss etmişik. Qərarlarını işimizdə tətbiq etməklə nailiyyətlər qazanmışıq. Əminliklə deyirəm ki, növbəti peşə bayramında da yalnız nailiyyətlərdən danışacağıq.

 

Vaqif ÖMƏROV,

“Azərikimya” İB-nin HİK sədri