Sahə Kollektiv Sazişi bağlanmışdır


Baxıldı : 728

Tarix : 2020-06-19 16:14:42


Fövqəladə Hallar Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı arasında “2020-2022-ci illər üçün Sahə Kollektiv Sazişi” bağlanmışdır.

Sahə Kollektiv Sazişi “Həmkarlar ittifaqları haqqında” qanuna, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə, Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” qanuna və əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına müvafiq olaraq ərsəyə gəlmişdir. Saziş Fövqəladə Hallar Nazirliyi sistemində çalışan, həmkarlar ittifaqının üzvü olan işçilərin sosial-əmək münasibətlərini tənzimləmək və onların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet istiqamətdir.

Sənəddə əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması sahəsində tərəflərin öhdəlikləri də müəyyənləşdirilmişdir.

Diqqətçəkən məqamlardan biri də işçilərə, eləcə də onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün idman obyektlərinin təmənnasız verilməsidir. Işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə işəgötürən həmkarlar ittifaqının təklifi əsasında əvvəlcədən təyin olunmuş marşrutlar üzrə işçilərin ictimai nəqliyyat vasitələrindən pulsuz istifadəsini reallaşdıracaqdır.

Bayramla əlaqədar verilən mükafatlar hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətdə olan qadınlara da şamil ediləcəkdir. Uşağın doğulması ilə əlaqədar işləyən kişilərə 3(üç) təqvim gününədək və uşağını ilk dəfə birinci sinifə yola salan valideyinə 1 (bir) gün əməkhaqqı saxlanılmaqla işə çıxmamasına icazə veriləcəkdir.

Sazişə əlavələr və dəyişikliklər edilməsi Tərəflərin razılığı ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılacaqdır.