Sahibkar qadınlara güzəştlər ediləcək


Baxıldı : 298

Tarix : 2015-03-06 02:18:00


Azərbaycan hökuməti sahibkarlıqla məşğul olan qadınlara bizneslərini inkişaf etdirmək, regionlarda istehsal imkanlarını genişləndirmək məqsədi ilə müəyyən güzəştlər etməyi nəzərdə tutur. Onlara aşağı faizlərlə güzəştli kreditlərin verilməsi, rayonlarda girov mexanizminin sadələşdirilməsi və torpağın banklar tərəfindən girov predmeti kimi qəbul edilməsi və digər sahələrdə güzəştlər planlaşdırılır. Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Zemfira Ağayeva bildirib ki, son illər dövlətin zərif cinsin nümayəndələrinə olan yüksək diqqət və qayğısı sayəsində onların sıraları genişlənib. Dövlətin qadın sahibkarlara maliyyə dəstəyinin daha çox hiss olunduğunu deyən Z.Ağayeva bildirib ki, hökumət təkcə 2012-ci ildə sahibkarlıqla məşğul olan zərif cinsin nümayəndələrinə 3 milyon 600 min manat həcmində güzəştli kredit verib. 2013-cü ildə bu rəqəm 2 dəfə artaraq 6 milyon manat, 2014-cü ildə isə üç dəfə artaraq 10 milyon manatdan artıq olub. Kreditlər əsasən regionlarda yeni istehsal və emal sahələrinin yaradılmasına sərf olunub. Hazırda kiçik bizneslə məşğul olan sahibkar qadınlar regionlarda daha çox üstünlük təşkil edirlər. Yeri gəlmişkən, aparılan təhlillər göstərir ki, qadın sahibkarlar kişilərə nisbətən vergi qanunvericiliyinə daha yaxşı əməl edirlər və onlar arasında vergidən yayınma halları daha az müşahidə edilir.Z.Ağayeva onu da bildirib ki, son dövrlərdə sahibkar qadınlarımızın xarici ölkələrin sahibkarları ilə əlaqələri güclənib, birgə layihələrin həyata keçirilməsinə başlanılıb. Onlar beynəlxaq sərgilərdə, biznes-forumlarda iştirak edir, xarici ölkələrin qadın sahibkarları ilə müştərək müəssisələr yaradırlar. Assosiasiyanın 12 xarici ölkədə qadın sahibkarları ictimai təşkilatları ilə dostluq əlaqəsi qurulub. Türkiyə, Rumıniya, İran Hindistan, Avstriya, Macarıstan, Qırğızıstan, Mərakeş, Səudiyyə Ərəbistanı, Belarusda, İsveçrədə sahibkar qadınlarla işgüzar görüşlər keçirilib və əməkdaşlıq haqqında memorandum imzalanıb. ELBRUS