Sahibkarlar üçün yeni Məcəllə hazırlanır


Baxıldı : 303

Tarix : 2015-02-14 03:35:00


Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda sahibkarlıq sektorunda rəqabətin dərinləşməsi üçün Rəqabət Məcəlləsinin qəbul olunmasının zəruriliyini bildirib. Qeyd olunduğuna görə, Məcəllə qəbul olunduqdan sonra biznes mühitinə, azad rəqabət mühitinin genişlənməsinə səbəb olacaq. Agentlik hesab edir ki, bu sənəd yerli sahibkarların rəqabət qabiliyyətinin gücləndirilməsi və daxili bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti biznesə müdaxilə hallarının qarşısının alınması ilə bağlı ən radikal addımlar atıb və son illərdə azad sahibkarlığın yüksək inkişafı da məhz bu sistemli islahatların məntiqi nəticəsi sayıla bilər. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hazırda Məcəllənin qəbul olunması istiqamətində müvafiq qurumlarla birgə məsləhətləşmələr aparılır. Son illərdə Azərbaycanın iqtisadi həyatında və iqtisadi idarəetmədə yeni meyarlar meydana çıxıb və sənəd layihəsində onların nəzərə alınması vacibdir. Qeyd olunduğuna görə, məcəllə rəqabət mühitinin tam təmin olunması üçün mühüm fayda verəcək. Məcəllə bazardakı rəqabət münasibətlərini müəyyənləşdirəcək və birmənalı şəkildə bazarda qiyməti qorumaq üçün yeni mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul edilməsi bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi baza formalaşdıraraq, istehlak bazarında rəqabətin qorunması yönündə əhəmiyyətli rol oynayacaq. Digər tərəfdən, Məcəllənin qəbulu ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, sahibkarlığın inkişaf etdirilməsi, xarici və daxili investisiyaların iqtisadiyyata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu və digər islahatlar ümumilikdə Azərbaycanın mövqeyinin beynəlxalq iqtisadi strukturlarda və ixrac bazarlarında möhkəmlənməsinə səbəb olacaq, respublikamızın növbəti hesabatlarda daha yüksək yer tutmasına əlverişli zəmin yaradacaq.ELBRUS