Sahibkarlar savadlı nəslin hazırlanmasına kömək etməlidirlər


Baxıldı : 66

Tarix : 2018-03-17 00:09:31


 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli “Maarifçi” Tələbə Kredit Fondunun maliyyələşməsi işində iş adamlarının iştirakı təklifini irəli sürmüşdür. Bu təklif Milli Məclisin iclasında səslənmişdir. Müxbirimiz İsa müəllimlə görüşüb təklifin əhəmiyyəti və nə dərəcədə real olduğu barədə söhbət aparmışdır.

İ.Həbibbəyli demişdir: “Fondun özünün yaradılması aztəminatlı ailələrin tələbə övladlarına yardım baxımından alqışalayiq addımdır. Az vaxt keçməsinə baxmayaraq, artıq fondun xətti ilə maddi ehtiyacı olan 400-ə yaxın tələbəyə kreditlər verilib. Ancaq, təəssüf ki, bu hələ kifayət deyil. Milli Məclisin Elm və Təhsil Komitəsinə daxil olan müraciətlər, valideynlərin narahatlıqları bizi çıxış yollarını axtarmağa vadar edir. Hələlik Təhsil Nazirliyi və bir neçə təşkilat, o cümlədən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi buraya pul qoyur. Ona görə biz sahibkarların da bu işə cəlb olunması məsələsini ortaya qoyduq. Əgər bu təklifimiz baş tutarsa, dövlət hesabına oxuyan, ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və sairəyə görə kreditlərə böyük ehtiyacı var. Bu istiqamətdə qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etməyi düşünürük. Sözsüz ki, bu, qısa müddətin işi deyil, hazırda dünya təcrübəsini öyrənməyə başlamışıq. Amma indiki halda biz sahibkarlarımızı həmin fonda maliyyə yatırmağa, dəstək olmağa və yaxud da fondun rəhbərliyi ilə danışıb sərmayə qoymağa çağırırıq. Çünki fonda vəsait köçürmək ölkəmizin gələcəyinə yatırım qoymaq deməkdir”.

Deputat təəssüflə qeyd etdi ki, hələlik yalnız bakalavr pilləsinin bir qrup tələbəsi bu kreditdən yararlana bilir: “Çünki fondun əlindəki sərmayə bu tələbatı tam ödəmək imkanlarına malik deyil. Digər maliyyə vəsaitləri olarsa, bu, magistratura və doktoranturada  təhsil alan tələbələri də əhatə edə bilər. Onu da deyim ki, 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” qanunda doktoranturada təhsil alanların da Təhsil Kredit Fondundan yararlanmasına dair xüsusi bir maddə öz əksini tapıb. Fondun maliyyə vəsaiti artarsa, həmin maddə işə düşə bilər. Ona görə də biz əlimizdən gələn qədər fonda maliyyə yardımlarının artırılması sahəsində işlər görməliyik. Onu da bildirmək istəyirəm ki, bu, əslində, iş adamları üçün də bir tərəfdən sərfəlidir. Bununla sahibkarlar həm ölkənin gələcəyi olan yeni savadlı nəslin hazırlanmasına kömək edəcək, həm də bir neçə ildən sonra tələbələr kreditləri qaytardıqları zaman onun faizləri hesabına gəlir götürəcəklər. Bəlkə də sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına, maarifləndirmə işinin aparılmasına ehtiyac var”.

Aliyə SƏMƏDOVA