Sahibkarlara aşağı faizlikreditlər veriləcək


Baxıldı : 216

Tarix : 2016-04-08 04:35:00


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda sahibkarlara aşağı faizli kreditlər verməyi planlaşdırır. Bankın birinci vitse-prezidenti Fil Bennett bildirib ki, azad biznesə dəstək bankın qərarlarında əsas yer tutur və bu məqsədlə Azərbaycanda sahibkarlığın inkişafına kömək məqsədilə yardım göstəriləcək. Azərbaycanda kiçik və orta sahibkarlığa veriləcək kreditlərin ilin ortalarında ölkəmizin bank-maliyyə təşkilatları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Hazırda həmin bankların likvidliyi müzakirə edilir. AYİB-in Azərbaycanda səhmlərində paya malik olduğu banklarla yanaşı, qeyri-bank təşkilatları vasitəsilə də sahibkarlığı maliyyələşdirməsi nəzərdə tutulur. Həmin mikrokreditlərin regionlarda aqrar sahədə çalışan təsərrüfat sahiblərinə uzunmüddətli şərtlər əsasında verilməsi planlaşdırılır. Avropa Bankının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərdiyini qeyd edən F.Bennett tərəflər arasında qarşıdakı illərdə nəzərdə tutulan əməkdaşlığın istiqamətlərinə də toxunub. AYİB yaxın 5 ildə ölkəmizdə korporativ idarəetmənin genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, aqrar-sənaye komplekslərinin yaradılması və digər sahələrə maliyyə dəstəyi göstərəcək. Bank Azərbaycanla qarşıdakı dövrdə özəl sektora dəstək, kiçik və orta sahibkarlığa maliyyə yardımı mexanizminin təkmilləşdirilməsi, bankların və kredit təşkilatlarının maliyyələşmədə aktiv iştirakının artırılması məqsədilə maliyyə resursları potensialının gücləndirilməsi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bank aqrobiznes sahəsində həyata keçirilən layihələrə dəstək vermək niyyətindədir və birgə əməkdaşlıq çərçivəsində yeni layihələrə imza atılacaq. Bu məqsədlə Azərbaycan hökuməti ilə Avropa Bankı arasında yeni maliyyə çərçivəsinin hazırlanması nəzərdə tutulur.ELBRUS