Sahibkarlara güzəştlər davam edir


Baxıldı : 33

Tarix : 2017-11-10 21:44:49


 Ötən iki ildə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahənin inkişafında  müsbət dəyişikliyə səbəb  olsa da, nəzarətin məhdudlaşdırılması qida və dərman preparatlarının keyfiyyəti baxımından elə də ürəkaçan olmadı. Belə ki, yoxlamaların dayandırılmasından sui-istifadə edən bəzi sahibkarların məsuliyyətsizliyi  satışda keyfiyyətsiz məhsulların çoxalmasına və vətəndaşların narahatçılığına,onların şikayətlərinin artmasına gətirib çıxardı. Bu laqeydlik qida və dərman preparatlarında daha çox biruzə verdi.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılacaq: " Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı qanuna yeni maddə də əlavə edilib. Belə ki, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq".

Bəs növbəti üç il ərzində yoxlamaların dayandırılması hansı nəticələr verəcək?

İqtisadçı Vüqar Bayramov mövzuyla bağlı müsahibəsində vurğulayıb ki, daha çox regionlarda sahibkarların fəaliyyətinə müdaxilələr özünü göstərirdi və bunun aradan qaldırılması olduqca vacib idi. Və bu baxımdan düşünürəm ki, bu sahədə son iki ildə yoxlamaların  dayandırılması sahibkarlığın inkişafına mane olan baryerlərin aradan qaldırılması üçün mühüm addım oldu. Praktiki olaraq, yersiz müdaxilələr sahibkarlıq subyektlərinin xərclərinin artmasına gətirib çıxarırdı.

İqtisadçı onu da qeyd etdi ki, istisna olaraq dərman və qida məhsullarına yoxlamaların saxlanması  təqdirəlayiqdir, çünki bunlar insan sağlamlığı üçün vacib amillərdir.

Sahibkarlarla  işçilər arasında bağlanan əmək müqaviləsi ilə bağlı yoxlamaların dayandırılması da bu sahədə ciddi nöqsanların yaranması ilə nəticələndi. Sahibkarların vergi və sosial məsuliyyətdən yayınmaq məqsədilə işçilərlə əmək müqaviləsi  bağlamamasına millət vəkili  Qənirə Paşayeva münasibət bildirib. O qeyd edib ki, bu qanunun tətbiq sahəsinə əmək müqavilələrinin yoxlanılması da daxil edilməlidir: "Biz müəyyən sahibkarlar tərəfindən əmək müqaviləsi olmadan işçilərinin çalışması hallarının şahidi oluruq. Yaxud əmək müqaviləsində nəzərdə tutulandan aşağı məvacib verilir. Bu insanların gələcək taleyi necə olacaq? Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırmalıdır. İnsanların iş yerlərinə ehtiyacı var. Öz hüququnu qoruyan insanlar onların yerinə başqalarının gətirilməsindən ehtiyatlanır. Buna görə də onlar əmək müqaviləsi olmadan çalışmaq məcburiyyətində qalır".

İqtisadçı onu da qeyd etdi ki, istisna olaraq dərman və qida məhsullarına yoxlamaların saxlanması  təqdirəlayiqdir, çünki bunlar insan sağlamlığı üçün vacib amillərdir.

Əsli ƏHMƏDOVA