Sahibkarlarla bağlı yeni təkliflər hazırlanıb


Baxıldı : 196

Tarix : 2016-04-30 06:36:00


Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda sahibkarlığın inkişafı sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Bununla yanaşı, sahibkarlığın inkişafına təkan verən üç istiqamətdə təkliflər irəli sürüb. Korporasiyanın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib ki, təkliflər sırasında ilk olaraq dövlət xidmətlərinin keyfiyyətinin artırılması məsələsi yer alıb. Bu,əsasən, infrastrukturun inkişaf etdirilməsi, işçi qüvvəsinin, peşə və ali təhsilin keyfiyyətinin artırılması, innovasiyalar və tədqiqatlar üzrə potensialın stimullaşdırılması, habelə rəqabətli ixracın təşviq edilməsi ilə bağlıdır. BMK nümayəndəsi qeyd edib ki, əlverişli biznes mühitinin təşviqi - yüksək səviyyədə əmlak hüquqlarının təmin olunması, müqavilələrin yerinə yetirilməsi və şəffaf məhkəmə sistemlərinin təşkili, şirkətlərə qarşı bərabərhüquqlu münasibəti özündə əks etdirən cəlbedici investisiya mühitinin yaradılması da təkliflər sırasındadır. Azərbaycanla əməkdaşlıq üçün əlverişli iqtisadi mühitin olduğunu vurğulayan BMK rəsmisi indiyədək tərəflər arasında həyata keçirilmiş strategiyanın uğurlu nəticələrlə yadda qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, son 10 ildə Azərbaycanla əməkdaşlıq strategiyası çərçivəsində bu təşkilat tərəfindən qeyri-neft sektorunda 50-dən artıq uzunmüddətli layihə maliyyələşdirilib, bankların vasitəçiliyi ilə 300 mindən çox orta və kiçik sahibkara dəstək verilib. Qurum bu sahədə dəstəyini davam etdirəcəyini bildirib. Kiçik və orta sahibkarlıq sektoruna diqqətin artırılması, şirkətlərə məsləhət xidmətlərinin göstərilməsi, kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.ELBRUS