“Şahmat və Dama” İdman Klubunun yetirmələri mükafatlandırılıblar


Baxıldı : 101

Tarix : 2019-08-30 16:49:35


Gənclər və İdman Nazirliyində 2019-cu ilin avqust ayında Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində mükafatlar qazanmış Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib. Görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və digər rəsmi şəxlər iştirak ediblər.

Qeyd edək  ki, Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə  5 medal qazanıblar. 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva (Bakı) və 8 yaşadək qızlar arasında Dinara Hüseynova (Bakı) qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli (Gəncə) gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli (Şəki) və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev (Bakı) bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiyadan  sonra Avropa birinciliyində ikinci nəticə göstərib.

Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin “Şahmat və Dama” İdman Klubunun yetirmələri də müvəffəqiyyətlə çıxış ediblər. Dinara Hüseynova 9 turdan sonra 8 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 8 yaşlıların son Avropa çempionu Cahandar Azadəliyev 9 oyundan 7,5 xal yığaraq 3-cü yeri tutub.

“Şahmat və Dama” İdman Klubunun digər təmsilçiləri, 12 yaşlı oğlanlar arasında Avropa birinciliyinin ikiqat gümüş mükafatçısı, idman ustalığına namizəd Read Səmədov 9 oyundan 7 xal toplayaraq 7-ci yerə sahib olub. 2017-ci ildə Avropa çempionu olmuş, fide ustası Gövhər Beydullayeva 18 yaşlı qızlar arasında 5 xalla 22-ci yeri tutub.

Dinara Hüseynovanın və Cahandar Azadəliyevin yarışa hazırlaşmalarında, uğur qazanmalarında onların məşqçiləri Elçin Əsədov və Valeriy Şilyayevin də böyük xidmətləri olub. 

Qeyd edək ki, qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edib. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.