Şahmat və minifutbol turniri


Baxıldı : 65

Tarix : 2019-09-13 17:43:29


 “Azərikimya” İstehsalat Birliyinin (İB) təşəbbüsü və təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyinə, neftçilərin peşə bayramına və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş şahmat və minifutbol turnirinə yekun vurulub.

Şahmat yarışında “Azərikimya” İB, Etilen-Polietilen Zavodu, Təmir-Tikinti İdarəsi, YAP Sumqayıt şəhər təşkilatı, Sumqayıt “ASAN xidmət” Mərkəzi, Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, Sumqayıt Şəhər Gənclər Mərkəzi, Sumqayıt Baş Poçt İdarəsi, Sumqayıt Qaz İstismar İdarəsi, Sumqayıt Mədəniyyət İdarəsi və digər komandalar iştirak edib.

Turnir FİDE-nin qaydalarına uyğun keçirilib.

Yekun nəticəyə görə, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin üzvü Rasim Eyvazov 1-ci, Sumqayıt şəhər sakini, təqaüdçü Rafiq Kərimov  2-ci, Sumqayıt Qaz İstismar İdarəsinin işçisi Xəyyam Həsənov isə 3-cü yerə layiq görülüblər.

Minifutbol yarışında “Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen Zavodunun, Təmir-Tikinti İdarəsinin, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin, Sumqayıt “ASAN xidmət” Mərkəzinin, Respublika “Qızıl Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt Şəhər Gənclər Mərkəzinin, FHN DYMX Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin, Regional Mədəniyyət İdarəsinin, şəhər polis idarəsinin, Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin, Sumqayıt futbol klubunun, Su-kanal idarəsinin və “Etalon Security” MMC-nin komandaları da daxil olmaqla 16 komanda iştirak edib.

Komandalar, hər birində 4 komanda olmaqla, 4 qrupda yarışıblar.

Yarışlarda FHN DYMX Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi olub. Respublika “Qızıl Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və  “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qaliblər “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıblar.