Şahmatçılarımız Avropa çempionu olublar


Baxıldı : 34

Tarix : 2017-11-10 21:34:43


Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatının qalibi olub.

Sonuncu-doqquzuncu turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar. Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb. Beləliklə, əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.

Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion olublar. Milli komandamız ilk medalını - bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.