“Sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur”


Baxıldı : 143

Tarix : 2018-08-10 21:16:17


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyindəki sanatoriyalarda olmuşdur.

İlk səfərini “Bilgəh” Kardioloji Sanatoriyaya etmişdir. Əvvəlcə sanatoriyadakı mövcud şəraitlə tanış olmuş, müalicə prosedurası kabinetlərini, yataq otaqlarını gəzmişdir. O, ayrı-ayrı tibb personalı ilə söhbət aparmış, avadanlıqların səmərəliliyini, xəstəliklərə qarşı təsiri barədə məlumatları dinləmişdir. Yeməkxanaya getmiş, yeməklərin çeşidi, keyfiyyəti ilə maraqlanmışdır.

Sonra sanatoriyanın işçiləri və müalicə olan həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilən görüşdə çıxış etmişdir. Demişdir ki, bu gün müalicə aldığınız “Bilgəh” və xidmətinizdə olan digər sanatoriyalar hələ keçmiş sovet ittifaqı dövründə mövcud idi. Ümumittifaq xarakteri daşıyırdılar. Ümummilli liderimiz Heydər Əliyev o vaxtlar Azərbaycan Respublikasının rəhbəri olanda bu sağlamlıq ocaqlarına böyük diqqət ayırırdı. Ötən əsrin 90-cı illərində məlum siyasi proseslər nəticəsində Azərbaycan iqtisadiyyatı çökdü. Bu çöküntü həmkarlar ittifaqına və onun balansında olan sağlamlıq ocaqlarına da mənfi təsir göstərdi. Sanatoriyaların maliyyə çatışmazlığı ucbatından acınacaqlı vəziyyətə düşdü. Korpuslar, tibbi avadanlıqlar sıradan çıxdı. Formalaşmış tibbi personalın böyük əksəriyyəti yeni iş yeri axtarmalı oldu.

1990-cı illərin əvvəllərində ümummilli liderin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı iqtisadiyyatımızı iflasdan xilas etdi. İqtisadiyyatımızın dirçəlişinin əsası qoyuldu. İqtisadi dirçəliş həmkarlar ittifaqlarına, strukturlarına, o cümlədən sanatoriyalarımıza, necə deyərlər, ikinci nəfəs verdi. Az da olsa toplanan üzvlük haqlarından sanatoriyaların təmirinə, tibbi avadanlıqla təchizatına vəsait ayıran ümummilli liderimiz Azərbaycanda kurort sisteminin inkişafının hüquqi bazasının formalaşmasına da böyük əhəmiyyət verirdi. Bu məqsədlə imzaladığı sərəncamlar həmkarlar ittifaqlarının sağlamlıq ocaqlarının get-gedə bər  pasına, müasirləşməsinə yardım edirdi.

Səttar müəllim dedi, sonrakı illərdə respublika Prezidenti cənab İlham Əliyevin də siyasətində vətəndaşların sağlamlığının prioritet təşkil etməsi kurort və turizmin inkişafı prosesinə yeni impuls verdi. Onun imzaladığı “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” sanatoriya şəbəkəsinin genişləndirilməsinin vacibliyini ortaya qoyurdu. Proqramda qeyd edilirdi ki, “Sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Dövlət Proqramının əsas məqsəd və vəzifələri sırasında sanatoriya-kurort şəbəkəsinin maddi-texniki bazasının, zəruri infrastrukturunun yaradılması, kadr potensialının gücləndirilməsi məsələləri önə çəkilir”.

S.Möhbalıyev dedi, biz həmkarlar ittifaqı olaraq, bu məqsəd və vəzifələrin həyata keçirilməsi üçün imkanlarımızı tam səfərbər etməyə çalışırıq. Konfederasiyanın büdcəsindən ayırdığımız maliyyə vəsaiti hesabına sanatoriyalarımız ildən-ilə, yaxşı mənada, simasını dəyişir. Xidmətin səviyyəsi yüksəlir. Tibbi personalların ixtisas səviyyəsi yüksəldilir. Sizinlə bir yerdə olduğumuz bu sanatoriyanın özündə son bir ildə çox şeylər dəyişib. 1 saylı korpusda yerləşdirilənlərin, yəqin ki, məlumatı var. Orada 1, 2, 3 və 4-cü mərtəbələrdəki seksiya tipli yataq otaqları, 1 nəfərlik, 2 nəfərlik lüks yataq otaqları müasir tələblər səviyyəsində yenidən qurulub. Dəhlizlər indi dizayn baxımından göz oxşayır. Kitabxana, klub da əsaslı təmir edilib.

Təmirdən sonra bütün yataq otaqlarının mebelləri yenilənib və texnoloji avadanlıqlar yerləşdirilib.

Səttar müəllim yeri gəlmişkən digər sanatoriyalarda görülən təmir işlərini də diqqətə çatdırdı. Bildirdi ki, istisnasız olaraq sanatoriyada genişmiqyaslı təmir-bərpa işləri aparılıb. “Abşeron” mədə-bağırsaq müalicəsi sanatoriyasında keçmiş inzibati bina yararsız vəziyyətdə idi. Ötən il biz onu yenidən, necə deyərlər, həyata qaytarmaq imkanı tapdıq. Binada əsaslı təmir, yenidənqurma işləri aparıldı, mebel və digər avadanlıqlarla təchiz olundu.

1 saylı korpusda köhnə, yararsız otaqlar yenidən quruldu. Onların əsasında konfrans zalı yaradıldı. Yeməkxananın böyük zalı da yenidən qurulub.

3 saylı korpusda da təmir-tikinti işləri başa çatmaq üzrədir. Burada yataq otaqlarının sayı artırılmış, qapalı hovuzun yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

AHİK sədri bildirdi ki, biz, Dövlət Proqramına uyğun olaraq, üzvlərimizin ehtiyaclarını nəzərə alaraq kurort şəbəkəsini genişləndirməyi davam etdiririk. Hazırda Naftalan şəhərində 200-220 nəfərlik yeni sanatoriya tikirik.

Görüş iştirakçıları demişlər ki, hörmətli Səttar müəllim, biz burada Sizin sadaladığınız və vaxt çatmadığı üçün sadalaya bilmədiyiniz yenilikləri gördük və onların səmərəsini öz üzərimizdə hiss etdik. Burada hər şey gözəldir. Həm sanatoriyanın yerləşdiyi coğrafi məkan, həm ərazidəki yaşıllıqlar, həm korpuslar, kotteclər, həm də tibbi personalın xəstələrə yanaşması, münasibəti - “Bilgəh”də hər şey sağlamlığın bərpasına xidmət göstərir.

Biz bilirik ki, tibb personalının zəhmətini azaltmadan, bütün bu tərifəlayiq cəhətlər məhz Sizin təşkilatçılıq bacarığınızın, insanpərvərliyiniz bəhrəsidir. Siz ölkə başçısı cənab İlham Əliyevin sosialyönümlü siyasətinin həyata keçirilməsi naminə çalışan istedadlı, dövlətçiliyə sadiq insansınız. Ona görə də həmkarlar ittifaqı əsl xalq təşkilatıdır.

Daha sonra Səttar Möhbalıyev Mərdəkan qəsəbəsindəki “Günəşli” nevroloji, “Abşeron” mədə-bağırsaq müalicəsi, “Qaranquş” uroloji, həmçinin Şıx qəsəbəsindəki dayaq və hərəkət sistemlərinin müalicəsi sanatoriyalarında olub.

Bəyalı RZAYEV