Satış yoxdursa, qazanc da sual altında qalır\


Baxıldı : 222

Tarix : 2016-02-27 04:54:00


Bakı şəhərindəki 9 mikrorayonda binaların söküntüsü ilə bağlı FHN naziri açıqlama vermişdi. Value&Sources şirkətinin rəhbəri, ekspert Rəşad Əliyev bu binaların sökülməsi, tikiləcək yeni binaların sektora təsiri barədə fikirlərini bizimlə bölüşdü. O, qeyd etdi ki, tikinti şirkətlərindən məhdudiyyətsiz həcmdə söküntü və tikinti işləri haqda təkliflər qəbul ediləcək: \ Təklifə əsasən, tikinti şirkəti öz vəsaiti hesabına binanı sökür və yerində yenisini tikir. Tikinti şirkəti bu halda layihələndirməni elə aparmalıdır ki, həm orda yaşayan insanları evlə təmin etsin, həm bütün xərcləri çıxartsın, həm də sonda mənfəət əldə etsin. Bu isə mərtəbənin çox olması və torpaq sahəsindən optimal istifadəsi nəticəsində mümkün olacaq. Məsələn, 5 mərtəbəli binanın yerinə 16 mərtəbə tikiləcək , yaxud 2 ədəd 5 mərtəbə əvəzinə 3 ədəd 16 mərtəbə tikiləcək və s. Burda layihələr müxtəlif ola bilər. Sözsüz ki, bu layihələr son nəticədə nəzərdən keçirilib şəhərsalma və tikinti qaydalarına uyğunluğu yoxlanacaq\ . Ekspert bildirdi ki, dövlət qurumları həmin binaları lazımi infrastrukturla təmin edəcək. Misal üçün, \ Azərişıq\ zəruri elektrik xətləri, \ Azərsu\ su xətləri və kanalizasiya xətləri ilə. Digər tərəfdən, çıxışdan dolayısı ilə açıq-aydın başa düşmək olar ki, dövlət birbaşa olaraq tikinti prosesinin özünə pul xərcləməyəcək. Dövlət ancaq infrastruktur təminatı və inzibati dəstəyi həyata keçirəcək.Nəzərdə tutulan işin iqtisadi faydasına toxunan R. Əliyev qeyd etdi ki, bunun inşaat materialları istehsalı sektorunun inkişafı, yeni iş yerləri, vergi daxilolmalarının artması və sair kimi üstünlükləri var: \ Eyni zamanda bunun sosial məqsədləri də var. Belə ki, Sovet dövründə tikilən binaların köhnəlməsi ilə yanaşı, onların rahatlığı da aşağıdır. Nəzərə almaq lazımdır ki, həmin binalar köhnəldikdə risk qrupuna düşməyə başlayacaqlar. İlk baxışdan bu layihələr sadə görsənə bilər. Ancaq burda ən başlıca problem satmaq və qazanc əldə etmək olacaq. Bazarda mövcud olan durum bu layihələrin cəlbediciliyini azaldır. Çünki hazırda tikinti şirkətlərinin üzləşdiyi ən böyük problem elə satışdır. Satış yoxdursa, qazanc da sual altında qalır. Mövcud şəraitdə, sözsüz ki, həmin mənzillərin satışının ipoteka kreditləşməsi vasitəsilə aparılması böyük yardım ola bilər. Bunun üçün isə maliyyə mənbələrinə ehtiyac var. Buna görə də bu istiqamətdə dövlətin dəstəyinə yenə ehtiyac olacaq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, elə ərazilər və elə binalar olacaq ki, tikinti şirkəti üçün qazanc əldə etmək imkanları olmayacaq. Buna görə də həmin binalara maraq olmayacaq. Nəticədə dövlət tikinti işlərinə pul ayırmalı olacaq. Nəzərə almaq lazımdır ki, köhnə binalar minlərlədir və bu iş mərhələli olmaqla uzun müddət davam edəcək \ .Cavid SƏFƏROV