Savadlı və sağlam gənclər təhsilin gələcəyidir


Baxıldı : 64

Tarix : 2017-10-14 03:48:20


Ötən dərs ilindəki müşahidələr göstərdi ki, ölkənin ümumtəhsil məktəblərində şagirdlər, demək olar ki,  ancaq sağlamlığa zərər vuran məhsullarla qidalanır. Geridə qoyduğumuz tədris ilində bir neçə məktəbdə zəhərlənmə hallarının  baş verməsi də təsadüfi hal deyildi. Bu hadisələrin təkrarlanmaması üçün dünya təcrübəsindən faydalanmaq və məktəb bufetlərində satılan məhsullara mütləq şəkildə nəzarət edilməlidir. Çünki müşahidə apardığımız bir neçə şəhər məktəblərinin yeməkxanalarından  məlum oldu ki, bufetlərdə bu ildə cipsi, suxarik, qazlı içkilər, günlərlə qalmış yağlarda qızardılan peraşkilər, mənşəyi bilinməyən  toyuq ətindən hazırlanan qiymələr hələ də satışdadı. Araşdırmamız nəticəsində qeyd etmək olar ki, Rusiya, Almaniya, Qazaxıstan, Yaponya, Finlandiya kimi ölkələrdə şagirdlərin məktəb yeməkləri son dərəcə diqqətə alınır. Burada səhər yeməyi ilə yanaşı, səhər və axşam siniflərində qəlyanaltılar da verilir. Məktəbli menyusunda əsasən südlü qidalar çoxluq təşkil edir və onlar isti yeməklərlə təmin olunur. 

Həkimlərin məsləhətinə görə də məktəblilərin qida rasionu yaş həddi və qavrama qabiliyyətinin artırılmasına əsaslanmalıdır. Onlar elə qidalar qəbul etməlidir ki, sağlamlığa ziyan deyil, əksinə, müsbət təsir etsin, həzm sistemini yaxşı çalışdırsın, vitaminlərlə zəngin olsun.

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı qəzetimizə müsahibəsində bildirdi  ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi orta ümumtəhsil məktəblərində  bufetlərdə satışı qadağan olan qidaların siyahısını artıq təyin edib: “Biz orta məktəblərdə təkcə savadlı kadr deyil, həm də  sağlam kadr yetişdirməliyik. Məktəblilərin sağlamlığı üçün  bufetlərdə 40 sayda qida məhsulunun satışına qadağa qoyulsa da, təəssüf ki, onlara indi də rast gəlmək olur. Bu gün bizim məktəblilərimizin düzgün qidalanmamasının nəticəsidir ki, orta ümumtəhsil məktəblərində oxuyan 1,6 milyon şagirdin 80 faizində görmə qüsuru, 75 faizində onurğa sütunu əyriliyi  və fiziki inkişafdan geriləmə var. Bunların birinci səbəbi düzgün qidalanmama, ikincisi isə, ötən yazılarımızda qeyd etdiyimiz kimi, məktəbli çantalarının ağırlığıdır".

Söhbət zamanı Kamran müəllim  təəssüflə qeyd etdi ki, məktəbyaşlı uşaqlar arasında quru və zərərli qidalar yeməkdən mədə-bağırsaq  xəstəlikləri kütləvi forma alıb. Dünya səhiyyə təşkilatı tərəfindən də azyaşlı və yeniyetmələr üçün bu qidalar birmənalı olaraq qadağan edilir: "Sovetlər dönəmində də Azərbaycanın ümumtəhsil məktəblərində şagirdlərə isti və sulu  yeməklər verilirdi. 3 - cü dərsdən sonra tənəffüsün 15 dəqiqə olması bunun üçün nəzərdə tutulmuşdu.

Bu gün orta ümumtəhsil  məktəblərinə qida paylayan “Tələbə-Şagird” MMC müəyyən edilmiş standartları gözləmir. Məktəb bufetləri bu günlər kimlərinsə biznes maraqlarına xidmət etdiyi üçün şagirdlərimizin, gələcəyimizin səhhəti ilə bağlı ciddi problemlər var. Bunu statistik rəqəmlər də sübut edir".

Ekspertin sözlərinə görə, bu məsələdə valideyn və müəllim assosiasiyaları xüsusi məsuliyyət daşıyır: "Burada  ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir.  Bu qurumların fəaliyyəti isə yalnız kağız üzərindədir”.

Kamran müəllim onu da əlavə etdi ki, sovetlər dövründə bu sahə ilə məşğul olan peşəkar kadr hazırlığı həyata keçirilidi. Yəni peşə məktəblərində xüsusi aşbazlar hazırlanırdı və onlara orta məktəb bufetlərinə təyinat verilirdi. Hər kəs bilirdi ki, peşə məktəbini qurtaranda o, işlə təmin olunacaq.

Əsli ƏHMƏDOVA